ÜTT-nin rəhbəri vaxtından əvvəl istefa verdi
Ümumdünya Ticarət Təşkilatının (ÜTT) rəhbəri Roberto Azevedo səlahiyyət müddətinin bitməsinə bir il qalmış tutduğu vəzifədən istefa verib.
Rakus.az xəbər verir ki, yeddi ildən bəri beynəlxalq təşkilata rəhbərlik edən braziliyalı rəhbər avqustun 31-də öz postunu tərk edəcək. O, mayın 14-də təşkilata üzv ölkələrin Cenevrədəki təmsilçilərini bu barədə məlumatlandırıb. Ailəvi səbəblərdən istefa verməli olduğunu bildirən R. Azevedo bu addımının benyəlxalq təşkilatın maraqlarına da uyğun olduğuna əminlik ifadə edib.
ÜTT öz tarixinin ən dərin böhranlarından birini yaşayır. ABŞ uzun müddətdən bəri təşkilatın əsas orqanı olan Mübahisələrin Həlli Sisteminə yeni ekspertlərin təyin olunmasını əngəlləyir. Bununla da qurumun ən mühüm arbitraj instansiyası ötən ilin dekabr ayından qeyri-işlək vəziyyətə düşüb. ABŞ beynəlxalq təşkilatda əsaslı islahatların aparılmasını tələb etsə də, 164 üzv ölkənin əksəriyyətinin dəstəklədiyi təkliflər paketinə indiyədək reaksiya verməyib.
Eyni zamanda, ABŞ və Çin arasında qarşılıqlı ticarət sanksiyaları, koronavirus pandemiyası ilə əlaqədar beynəlxalq ticarət əlaqələrinin zəifləməsi təşkilatdaxili vəziyyətə mənfi təsir göstərir.
R. Azevedo tutduğu vəzifəni tərk etdikdən sonra siyasi karyera ilə məşğul olmayacağını da bildirib.