Xomeyninin vəfatının ildönümü qeyd olunur
Hər il iyunun 3-də İranda İslam inqilabının banisi Ruhulla Xomeyninin vəfatının ildönümü kütləvi tədbirlərlə qeyd olunur.
Rakus.az xəbər verir ki, koronovirus pandemiyası ilə əlaqədar olaraq cari ildə İranda kütləvi tədbirlər qadağan edilib. Bu səbəbdən İmam Xomeyninin əbədiyyətə qovuşmasının 31-ci ildönümü münasibətilə İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi televiziya vasitəsi ilə canlı yayımda çıxış edəcək.
İran İslam İnqilabının banisi Ruhulla Xomeyni 1902-ci ildə anadan olub. Gənc yaşlarında dini təhsil alaraq İranda şah rejiminə qarşı çox ciddi mübarizəyə başlayıb. Bir neçə dəfə həbs olunub. Lakin R.Xomeyninin böyük nüfuz sahibi olması şaha onun uzun müddət həbsdə saxlamağa imkan verməyib. Siyasi baxışlarına görə R.Xomeyni əvvəlcə İraq, Türkiyə və Fransada siyasi mühacir həyatı yaşayıb. Uzun sürən sürgündən sonra 1979-cu ildə İrana qayıdaraq inqilaba rəhbərlik edən R.Xomeyni Pəhləvi rejimini yıxdıqdan sonra İranın Ali Rəhbəri seçilir.
İranda hakimiyyəti ələ aldıqdan sonra R.Xomeyni İslam dininin əsaslarına uyğun dövlət quraraq Qərb dəyərlərini inkar etdi. İranda və regionda geniş dini və siyasi nüfuza malik olan R.Xomeyni 1989-cu ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. Onun dəfn mərasimində 1 milyondan çox insan iştirak edib. Bu gün İran İslam Respublikası məhz İmam Ruhulla Xomeyninin əsəri kimi qəbul edilir.