Əfqanıstanda 9 nəfər həlak oldu
Əfqanıstanın cənubunda yerləşən Qəndəhar əyalətində törədilən partlayış nəticəsində azı doqquz dinc sakin həlak olub, beş nəfər isə yaralanıb.
Rakus.az xəbər verir ki, hadisə səhər saatlarında Argistan rayonunda qeydə alınıb. Mülki avtomobil yolda quraşdırılan mina vasitəsi ilə partladılıb.
“Taliban” hərəkatı hələlik hadisəni şərh etməyib. Yerli hökumət orqanları isə bombanın taliblər tərəfindən qoyula biləcəyini deyirlər.
Əfqanıstanda sülh prosesinin başlamasına baxmayaraq, hökumət qüvvələri ilə kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən “Taliban” hərəkatı arasında qarşıdurmalar davam edir. Həmçinin ölkə ərazisində İŞİD qruplaşması da aktiv fəaliyyət göstərir. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri beynəlxalq koalisiyanın hərbi dəstəyi ilə bütün ölkə boyu birgə əməliyyatlar keçirir.