DİN İmişlidəki insidentə aydınlıq gətirdi - VİDEO
Daxili İşlər Nazirliyi (DİN) İmişli rayonunun Hacalmuradlı kəndində örüş sahəsində ötən gün baş verən insidentlə bağlı məsələyə aydınlıq gətirib.
Rakus.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, İmişli rayonunun Hacalmuradlı kəndindən olan bir qrup şəxs örüş sahəsinin digər sakin tərəfindən zəbt edilməsinə etiraz olaraq toplaşıb:
“Bu zaman tərəflər arasında insident baş verib, iki kənd sakini bir-birinə xəsarət yetirib. İnsidentlə əlaqədar İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları kənd ərazisinə gəlib. İctimai asayiş qaydalarını pozan iki kənd sakini – F.Əbişov və İ.Həsənov saxlanılaraq, Polis Şöbəsinə gətirilib”.
“Saxlanılan şəxslər barəsində İmişli RPŞ-də qanunamüvafiq tədbirlər görülüb, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır”.