G20 virusla mübarizəyə 21 milyard dollar ayırır
“Böyük iyirmilik” (G20) ölkələri dəvət olunmuş dövlətlərlə birlikdə yeni növ koronavirus – COVID-19 ilə mübarizə aparmaq üçün 21 milyard ABŞ dollarından çox vəsait ayıracaqlar.
Rakus.az xəbər verir ki, bu barədə G20-nin saytında məlumat verilib.
Dərc olunana bəyanatda deyilir ki, G20 dəvət olunmuş ölkələrlə birlikdə koronavirus pandemiyasına qarşı qlobal səyləri əlaqələndirir.
Belə ki, ayrılan vəsaitin xəstəliyin müalicəsinə, COVID-19-a qarşı peyvəndin hazırlanmasına və diaqnostikasına, habelə bu istiqamətdə araşdırmaların aparılmasına yönəldilməsi planlaşdırılır.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. Dünyada 7 milyonadək insan virusa yoluxub, 390 minədək insan onun qurbanı olub.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.