Versal Sarayı 82 gün sonra açıldı
Versal Saray Kompleksi yeni növ koronavirus ilə əlaqədar elan edilmiş karantin rejimi səbəbi ilə bağlandıqdan 82 gün sonra ilk dəfə qapılarını ziyarətçilər üçün açıb.
Rakus.az xəbər verir ki, sarayın belə uzun müddətə bağlanması tarixdə ikinci dəfə baş verib. İlk dəfə kompleks 1939-cu ildə, II Dünya müharibəsinin başlanması ilə uzunmüddətli “istirahətə çıxmışdı”.
Beləliklə, bu gün saray ənənəvi qrafiklə – saat 09:00-dan 18:30-dək işləyəcək. Ziyarətçilər üçün həmçinin Böyük və Kiçik Trianon sarayları, Mariya Antuanetta ferması, habelə fəvvarələri olan park da açıq olacaq. Bələdçi ilə qruplar halında saraylara ziyarət isə iyunun 10-dan etibarən mümkün olacaq, şərt isə qrupdakı ziyarətçilərin sayının 10 nəfərdən çox olmamasıdır.
Fəvvarələrin axşam seansları təxirə salınıb. Həmçinin iyunda keçirilməsi planlaşdırılan bütün konsertlər və opera tamaşaları da ertələnib.