Dezinfeksiya və deratizasiya işləri aparılmalıdır – AQTA
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) karantin rejimindən mərhələli çıxış zamanı ictimai iaşə və ərzaq satışı müəssisələrində əməl edilməsi vacib olan qaydalar barədə maarifləndirici materiallar hazırlayıb.
Rakus.az xəbər verir ki, AQTA-nın məlumatına görə, materiallarda ictimai iaşə müəssisələrində işçilərin şəxsi gigiyena qaydalarına riayət etməsinin, mətbəxdə çalışan heyətin xüsusi iş geyimində olmasının, gündəlik ev geyiminin iş prosesində istifadəsinə yol verilməməsinin vacibliyi qeyd olunub.
Bildirilib ki, qida məhsulları ilə təmasda olarkən əlcək, tibbi maska, bone (baş örtüyü) kimi vasitələrdən istifadə edilməlidir.
Bununla yanaşı, diqqətə çatdırılıb: “Ayda bir dəfə profilaktik dezinfeksiya və deratizasiya işləri aparılmalı, bu zaman lisenziyalaşdırılmış və həmin sahədə ixtisaslaşmış müəssisələrin xidmətindən istifadə edilməlidir. Təlimatda qeyd edilmiş tövsiyələrə riayət olunmalı, dezinfeksiya işlərinin aparıldığı mühit havalandırılmalıdır”.
Həmçinin, ərzaq satışı müəssisələrində zalların və otaqların mütəmadi havalandırılması tövsiyə olunub.