Azərbaycan xalqının Milli Qurtuluş Gününün 27-ci ildönümü ərəfəsində (15 iyun) zəmanəmizin dahi şəxsiyyəti, müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin əziiz xatirəsinə sərhədçi ehtiramının ifadəsi məqsədilə Dövlət Sərhəd Xidməti tərəfindən 12 iyun 2020-ci il tarixdə general və zabitlərdən ibarət bir qrup sərhədçinin Böyük Qafqaz sıra dağlarının Qızılqaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər Əliyev zirvəsi”nə ənənəvi yürüşü təşkil olunub.
Rakus.az xəbər verir ki, bununla bağlı Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Xudat sərhəd dəstəsinin “Xınalıq” sərhəd zastavasından hərəkətə başlayan yürüş iştirakçıları mürəkkəb relyefə malik olan dağlıq ərazini böyük ruh yüksəkliyi və əzmkarlıqla fəth edərək təyin olunmuş zirvəyə qalxıb, orada Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb, Dövlət Himnini ifa edib və Azərbaycan xalqının Milli Qurtuluş Gününün 27-ci ildönümünü tərənnüm edən lövhəni qaya üzərində bərkidiblər.