Tibb İşçilərinin Peşə Bayramı Günüdür
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyun tarixli Sərəncamına əsasən hər il iyunun 17-si Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.
Rakus.az xəbər verir ki, respublikamızda gedən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan verib.
Son illər səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və başqa geniş miqyaslı tədbirlər həyata keçirilib. Bu da öz növbəsində səhiyyəmizin dünya standartları üzrə inkişafına, onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya etməsinə zəmin yaradıb. Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsidir ki, 600-dən artıq yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisəsi müasir avadanlıqlarla təmin olunub.
Azərbaycan səhiyyəsində uğurla aparılan islahatlar, maddi-texniki bazanın təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlər əhalinin dövlət tibb müəssisələrinə olan inamını getdikcə artırır. Prezident İlham Əliyevin səhiyyəyə göstərdiyi xüsusi diqqət bu sahədə xeyli irəliləyişlərə səbəb olub. Ölkəmizdə tibb müəssisələrinin təmir və bərpası, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların başlıca istiqamətlərini təşkil edir.
Bir sıra dövlət proqramlarının reallaşdırılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri var. Fond diabetli, talassemiyalı xəstələrə qayğısında və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında bir çox böyük layihələrə imza atıb.
Bu gün səhiyyə sahəsində qəbul edilmiş dövlət proqramları uğurla icra olunur. Səhiyyəmizin dünya standartları üzrə inkişafının əsas istiqamətlərindən biri tibbi təhsil və kadr islahatıdır. Tibb işçilərimizin bilik və peşə bacarıqlarının artırılmasına Səhiyyə Nazirliyi tərəfindən xüsusi diqqət yetirilir.
Bütün dünyada qəbul edilən tibb işçilərinin sertifikasiyanın tətbiqi üzrə iş uğurla başa çatıb. Eyni zamanda, ölkəmizdə həkimlərin müxtəlif ixtisaslar üzrə hazırlığı dünyanın əksər ölkələrinin tibb təhsil sistemində qəbul olunmuş rezidentura vasitəsilə həyata keçirilir.