Fateh Sultan Mehmetin portreti Londonda satıldı
İstanbul Böyükşəhər Bələdiyyəsi Fateh Sultan Mehmetin portretini Londonda keçirilən hərracda 770 min sterlinqə satın alıb.
Rakus.az xəbər verir ki, bu barədə bələdiyyənin sədri Əkrəm İmamoğlu sosial media səhifəsində bildirib.
Bu, İstanbul fatehinin günümüzədək gələn üç orijinal portretindən biridir. Portretin XV əsrdə italyan rəssam Gentile Bellini tərəfindən çəkildiyi ehtimal olunur. Belə ki, “Sultan II Mehmet, mövqe sahibi gənc ilə birlikdə” adlı rəsm əsərinin tarixi 1479-cu ilə təsadüf edir. O zamanlar venesiyalılarla imzalanan “İstanbul sazişi”nin maddələrindən biri də dövrün ən yaxşı rəssamlarından birinin Fatehin rəsmlərini hazırlamaq üçün İstanbula gəlməsi idi. Bu vəzifə Gentile Belliniyə tapşırılır. O, Osmanlı paytaxtına gələrək 1479-1481-ci illər arasında sarayda qalaraq Fateh Sultan Mehmetin portretlərini hazırlayır.
Rəsm əsərindəki ikinci şəxsin kimliyi tam bəlli olmasa da onun üç şahzadədən biri olduğu düşünülür.
Hərracda Fatehin portreti ilə yanaşı XV, XVI və XVII əsrlərə aid İstanbul və Anadoluya aid çox sayda əsərlərin satışa çıxarıldığı, lakin bunların arasında ən dəyərlisinin XV əsrdə Çin kağızı üzərində əl yazması ilə hazırlanmış “Qurani-Kərim”in olduğu bildirilir.