Sərhədçi polkovnik avtomobil qəzasında öldü
İyulun 20-də saat 08:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Quba rayonunun Xınalıq kəndi yaxınlığındakı sərhəd zastavasına xidməti tapşırığın icrası ilə əlaqədar hərəkət edən “UAZ” markalı xidməti avtomobil qəzaya uğrayıb.
Rakus.az xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində avtomobildə olan hərbi hissənin qərargah rəisi polkovnik Mirzəyev Şahin İbrahim oğlu vəfat etmiş, digər hərbi qulluqçular müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hərbi qulluqçulara ilkin tibbi yardım göstərilmiş və təcili tibbi təxliyəsi təşkil olunub.
Hadisə ilə əlaqədar DSX-nin Sərhəd Qoşunlarının və Hərbi Prokurorluğun nümayəndələri tərəfindən araşdırma aparılır.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi mərhum polkovnik Ş.Mirzəyevin ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.