“Volkswagen” Çinə 4 milyard avro sərmayə qoyur
Almaniyanın iri avtomobil konserni “Volkswagen” bu il Çinə 4 milyard avrodan çox sərmayə qoyacaq.
Rakus.az xəbər verir ki, bunu “Volkswagen Group China”nın idarə heyətinin sədri Stefan Volenşteyn Çin Mərkəzi Televiziyasına müsahibəsində deyib. O, son illər Çinin iqtisadiyyatda açıqlıq prinsipinin təmsil etdiyi şirkət üçün yeni imkanlar açdığını bildirib.
S.Volenşteyn “Volkswagen”in COVID-19 pandemiyasının dünya iqtisadiyyatına mənfi təsirlərinə baxmayaraq, Çindəki planlarını dayandırmadığını, il ərzində nəzərdə tutulan sərmayələrin ümumi dəyərinin 4 milyard avrodan çox olacağını deyib. Bundan başqa, elektrik avtomobilləri istehal edəcək “JAC Volkswagen” birgə müəssisəsinə və “Gotion” yüksək texnologiyalar şirkətinə yatırılacaq 2 milyard avro da var.
Çin bazarına 1978-ci ildə daxil olan “Volkswagen”in ilk birgə müəssisəsi 1984-cü ildə, ikincisi isə 1990-cı ildə yaradılıb. “Volkswagen”, “Audi”, “SEAT”, “ŠKODA”, “Bentley”, “Bugatti”, “Lamborghini”, “Porsche”, “Ducati”, “Scania” və “MAN” brendlərinin sahibi olan “Volkswagen” konserni həm də Çində birgə müəssisə yaradan ilk xarici avtomobil istehsalçısıdır. Ötən il Çində yerli istehsal avtomobillərin satışında “Volkswagen Group” birinci olub.