“Microsoft”un gəlirləri xeyli artdı
Bu ilin II rübündə ABŞ-ın texnologiya nəhəngi “Microsoft” şirkətinin əməliyyat gəlirləri illik müqayisədə 13% artaraq 38 milyard ABŞ dollarını keçib.
Rakus.az xəbər verir ki, COVID-19 pandemiyasına baxmayaraq, “Microsoft”un gəlirlərinin artması onun əsasən bulud və məsafədən iş texnologiyalarını inkişaf etdirməsi ilə bağlıdır. Belə ki, hesabat dövründə şirkətin məhsuldarlıq və iş prosesləri bölməsinin gəlirləri 6% artaraq 11,8 milyard ABŞ dolları, “ağıllı bulud” bölməsinin gəlirləri 17% artaraq 13,4 milyard ABŞ dolları, fərdi kompüter satışı bölməsinin gəlirləri isə 14% artaraq 12,9 milyard ABŞ dolları olub.
Son bir ildə “Microsoft”un əməliyyat xərcləri də 13% artıb. Xatırladaq ki, bir qədər əvvəl şirkət xərclərini azaltmaq üçün 83 mağazasını bağlamaq və 450 milyon ABŞ dollarına qənaət etmək barədə planlar açıqlamışdı.
“Son 5 ay göstərdi ki, texnologiya intensivliyi iş rahatlığının açarıdır. Öz rəqəmsal bazalarını quran qurumlar sürətlə bərpa olunacaq və bu böhrandan daha güclü şəkildə çıxacaqlar”,- “Microsoft”un CEO-su Satya Nadella bildirib.