İranda ölənlərin sayı 16 minə çatır
Son 24 saat ərzində İranda 2 min 333 nəfər koronavirusa yoluxub, 216 nəfər ölüb.
Rakus.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari gündəlik mətbuat konfransında məlumat verib.
Bununla da İranda virusa yoluxanların ümumi sayı 291 min 172 nəfər, ölənlərin sayı isə 15 min 700-ə çatıb. Xüsusi xəstəxanalarda müalicə alan 253 min 213 nəfər sağalaraq evə buraxılıb. İntensiv terapiya şöbələrində müalicəsini davam etdirən 3 min 695 xəstənin vəziyyəti ağır olaraq qalır.
Mətbuat katibi nəzərə çatdırıb ki, əvvəlki kimi İranın Şərqi və Qərbi Azərbaycan, Rəzavi Xorasan, Əlborz, Xuzistan, Fars, Zəncan, Gülüstan, Kirman, Loristan vilayətlərində vəziyyət ağır olaraq qalıb. Bu vilayətlərdə koronavirusa yoluxma və ölüm halları daha çox müşahidə edildiyi üçün qırmızı zonaya daxildir.