Koronavirusa görə fəlakət rejimi elan edildi
Avstraliyanın Viktoriya ştatında koronavirusun geniş yayılması ilə əlaqədar fəlakət rejimi elan edilib.
Rakus.az xəbər verir ki, bu barədə ştatın Baş Naziri Deniel Endryüs avqustun 2-də bəyan edib.
“Ştatın bəzi rayonlarında artıq real təhlükə mövcuddur və o, dayanmadan artır. Buna görə də avqustun 12-də axşam saat 18:00-dan başlayaraq, ştat ərazisində fəlakət rejimi elan olunur. Bu polisə sanitar-epidemioloji qaydalara əməl edilməsi üçün nəzarəti gücləndirmək imkanı verəcək”, – deyə Baş Nazirin saytında dərc olunan bəyanatda bildirilir.
Qeyd edilir ki, fəlakət rejimi ilə bağlı məhdudiyyətlər Melburnda bazar günü axşamdan, bütün ştat ərazisində isə avqustun 5-də saat 12:00-dan sonra tətbiq olunacaq. Bunun altı həftə ərzində, sentyabrın 13-dək davam edəcəyi bildirilir.
D.Endryüs əlavə edib ki, Melburnda məhdudiyyətlər, eyni zamanda, saat 20:00-dan saat 5:00-dək komendant saatının tətbiqini də nəzərdə tutur. Həmin müddət ərzində yalnız səhiyyə xidmətinə ehtiyacı olanlar və həmin xidməti göstərənlər evlərini tərk edə bilərlər. Bununla yanaşı, komendant saatı ərzində ictimai nəqliyyatın hərəkəti ixtisar ediləcək, gecə işləyən bütün müəssisələr bağlanacaq.