Tramp Baydenlə debata tələsir
ABŞ Prezidenti Donald Tramp prezident postuna seçkilərin namizədləri arasında televiziya debatlarının ölkə vətəndaşlarının poçt vasitəsilə növbədənkənar səsvermə imkanı əldə etmədən öncə keçirilməli olduğunu hesab edir.
Rakus.az xəbər verir ki, Donald Tramp bu barədə Fox Business telekanalına müsahibəsində deyib.
“Debatlarda iştirak etmək istəyirəm. Seçicilərin bülletenləri poçt vasitəsilə göndərilmədən öncə heç olmasa bir debat keçirilməlidir”, – ABŞ Prezidenti bildirib.
Televiziya debatlarının sentyabrın 29-da keçirilməsi planlaşdırılan ilk raundunda Donald Trampın rəqibinin ölkənin sabiq vitse-prezidenti Cozef Baydenin olacağı gözlənilir. O vaxta qədər ABŞ ştatlarının yarıdan çoxunun hakimiyyət orqanları artıq bülletenləri göndərməyə başlayacaq. Onların arasında ən birincisi Şimali Karolina ştatı olacaq. Bu ştatın seçiciləri sentyabrın 4-dən başlayaraq bülleten alacaqlar.
“İnsanlar debatları izləmədən səsvermə imkanı qazanacaqlar. Bülletenlər göndərilmədən debatların heç olmasa, bir raundu baş tutmalıdır”, – deyə Donald Tramp sözlərinə əlavə edib və debatların daha tez keçirilməli olduğunu deyib.
Donald Tramp bundan öncə prosedurun şəffaf olmaması və bülletenlərin hesablanmasının çox uzun çəkməsi səbəbindən poçt vasitəsilə səsverməni dəfələrlə tənqid edib. Onun sözlərinə görə, bu üsulla səsvermə zamanı mümkün qanun pozuntuları səbəbindən bu, ABŞ tarixinin ən ədalətsiz seçkisi ola bilər.
ABŞ Demokratik partiyasının nümayəndələri isə pandemiya şəraitində belə səsvermənin seçki məntəqəsində koronavirusa yoluxma riski olmadan iştirakın yeganə üsulu olduğunu hesab edirlər.
ABŞ-da 59-cu prezident seçkiləri noyabr ayının 3-nə planlaşdırılıb. Bu seçkilərdə ali dövlət postu uğrunda respublikaçıların namizədi ABŞ-ın hazırkı Prezidenti Donald Tramp olacaq.