Bəstəkar Aqşin Əlizadə-83
Dahi sələflərinin ənənələrinə dayaqlanaraq sənətdə öz yolunu tapmış, öz üslubunu yaratmış Aqşin Əlizadə Azərbaycan mədəniyyətinin ən istedadlı və özünəməxsus simalarından idi. Onun bəstəkar kimi formalaşmasında xalq musiqisini dərindən bilməsi, böyük sənətkarımız Cövdət Hacıyevin sinfində təhsil alması, xasiyyətindəki əməksevərlik, daim kamilləşmək, öyrənmək həvəsi böyük rol oynayıb.
Rakus.az xəbər verir ki, bu gün görkəmli bəstəkar, Dövlət mükafatı laureatı, Xalq artisti Aqşin Əlizadənin anadan olmasının 83-cü ili tamam olur.
Aqşin Əlizadəni haqlı olaraq Azərbaycan musiqisinin klassiki Üzeyir Hacıbəyli ənənələrinin ən parlaq davamçısı hesab edirlər. Üzeyir Hacıbəyli musiqisinə xas gözəllik və nəciblik, həssas forma duyumu, xəlqilik, sözün əsl mənasında, klassik təfəkkür tərzi Aqşin Əlizadənin yaradıcılığında yeni səpkidə, müasir görümdə davamını tapır. Bəstəkarın öz sözləri ilə desək, “Üzeyir musiqisi onun canına hopub, sənətdə yol göstərən ulduza çevrilib”. Aqşin Əlizadə çağdaş dünya musiqisinin ən müxtəlif üslub təmayüllərinə, yazı üsullarına yaxşı bələd idi. Onun bənzərsiz musiqi təxəyyülü Q.Qarayev, F.Əmirov, S.Prokofyev, İ.Stravinski, B.Bartok, K.Orf irsindən qidalanıb. Lakin yaradıcılığının hər bir dövründə A.Əlizadə təkrarçılıqdan, təqlidçilikdən uzaq olub, sənətdə ilk addımlarından ciddi, tələbkar, müstəqil düşünmək istedadına malik bəstəkar kimi tanınıb. O, heç vaxt müasirlik xatirinə müasirlik yolunun yolçusu olmayıb, dəbdən kənarda qalmamaq həvəsi ilə əsər yazmayıb, sənətdə yersiz güzəştlərə getməyib. Bəstəkarın musiqi lüğəti çox zəngindir. Xalq musiqisinin əski qatlarından tutmuş müasir kompozisiya üsullarına qədər. Lakin onun musiqi üslubu alabəzəklikdən, şit milli-etnoqrafik qəliblərdən, süni müasirçilikdən uzaqdır.
Aqşin Əlizadənin yaradıcılığının ilk dövrünə aid iki əsərdə onun üslubunun mühüm keyfiyyətləri artıq aydın görünür. Üçhissəli Kamera simfoniyası parlaq obrazlılığı, müstəqil yaradıcılıq yoluna qədəm qoyan bir bəstəkar üçün qibtə ediləcək bir xassə olan kamil və münasib forma hissiyyatı, üslub məharəti ilə fərqlənir.
A.Əlizadənin yaradıcılığında Kamera simfoniyası bu qəbildən yazılmış əsərlərin bəlkə də yeganə nümunəsi oldu. Klassisizm onun yaradıcılığında neoklassisizm libasında sabitləşmir, üslubun aydınlıq, mütənasiblik, obyektivlik xassəsində əriyir. Neoklassik “məktəb” A.Əlizadə üçün mərhələvi xüsusiyyət daşıyır və sonrakı əsərlərdə (“Aşıqsayağı”, “Pastoral”, “Kənd süitası”) xalq musiqisinin janr-obraz aləminin obyektiv, klassikcəsinə aydın təcəssümü tərzində üzə çıxır.
Onun müşayiətsiz xor üçün “Bayatılar” əsəri 1969-cu ildə yazılıb. Bu əsər Azərbaycan musiqisində müşayiətsiz xor üçün ilk silsilədir. Lakin onun milli musiqimizdə tutduğu şərəfli yer yalnız xor sənətində yeni janrın təmsilçisi olmaqla bitmir. “Bayatılar” müasir bəstəkar yaradıcılığında xalq bədii təfəkkürünün, musiqi sərvətlərinin imkanlarına yeni mövqelərdən baxışı, əldə etdiyi təravətli, yeni estetik-bədii nəticəsi ilə mərhələ açan əsərdir.
Silsilənin adından göründüyü kimi bəstəkar xalq yaradıcılığının ən ulu və özünəməxsus bir janrına – bayatılara müraciət edib. Öz-özlüyündə bu müraciət 60-cı illərin “xalqçılıq” əhval-ruhiyyəsindən yaranmışdı.
Aqşin Əlizadənin musiqisində insanı cəlb edən gözəlliyin, səmimilik və həyatiliyin sirri onun xalq musiqi sənətinə bağlılığındadır. Milli musiqi nəfəsini, zənginliyini və özünəməxsusluğunu öz əsərlərində hifz edən Aqşin Əlizadə heç vaxt bu zəngin sərvətə qarşı istismarçı, passiv mövqe tutmamışdır. O, xalq musiqi xəzinəsinə xammal ehtiyatı kimi yox, xalqın bədii təfəkkürünün dühası ilə yaranmış, cilalanmış yüksək sənət aləmi kimi pərəstiş edərək ona sonsuz sevgi və qayğı hissi ilə, əsl övlad nəvazişi ilə yanaşır. Aqşin Əlizadənin musiqisində müdrik muğamlarımızın təsirli avazı, döyüşkən cəngilərin harayı, həzin nəğmələrimizin ahəstə zümzüməsi, odlu rəqslərin oynaq ritmləri, aşıq musiqisinin həyatsevər ruhu yaşayır, səslənir. Bəstəkar xalq musiqisinin səciyyəvi məqam – intonasiya dönmələrini, ritmik naxışlarını, janr əlamətlərini böyük məharətlə fərdi üslub konsepsiyasına daxil edir. Aqşin Əlizadə təbiəti, təfəkkür tərzi baxımından lirik bəstəkardır. Onun əsərlərində dolğun, lirik melodiyaların bolluğunu , təbiət lövhələrinə böyük yer verilməsini də bununla izah etmək olar. Aqşin Əlizadənin lirikası daxilən zəngin və əlvan bir aləmdir. Lirik təbiət peyzajları, məişət səhnəciklərinin sakit əhval-ruhiyyəsi ilə son əsərlərinin lirik səhifələrindəki faciəvi boyalar, çağlayan hisslərin dramatizmi arasında necə də böyük fərq var.
Aqşin Əlizadə daim axtarışda olan, yaradıcılıq üfüqlərini genişləndirən, sənətkarlığını kamilləşdirməyə can atan narahat qəlbli bəstəkardan olub. Onun musiqi üslubu zaman keçdikcə cilalanır, yeni təmayüllərin və həyat təcrübəsinin təsiri ilə yeniləşir, haradasa başqalaşır; miniatür, yığcam formalar, lirik-pastoral boyalar yerini miqyaslı kompozisiyalara, dramatik-faciəvi ovqatlara verir. Lakin Aqşin Əlizadənin ən müxtəlif dövrlərdə yazılmış əsərlərinin hamısını bir ümumi cəhət birləşdirir: səmimilik, təbiilik, həyata, insana inam, xalqına məhəbbət.
O, vətəninin, doğma torpağının nəğməkarı idi. Onun əsərləri Azərbaycan xalqının qəhrəmanlıq tarixinin səhifələrini canlandırır, füsunkar vətən təbiətini vəsf edir, sadə, qonaqpərvər, məğrur insanlardan söhbət açır. Kamera orkestri üçün şux, oynaq “Aşıqsayağı”, odlu nəfəsli “Cəngi”, fortepiano üçün yazılmış müdrik düşüncəli “Dastan”, əziz xatirə səhifəsi olan “Qoca xanəndə” orqan pyesi, xor üçün xalq poeziyasının gözəlliyini tərənnüm edən “Bayatılar” silsiləsi, vətənə sonsuz sevgi və vurğunluq hissi ilə aşılanmış “Kənd süitası”, musiqisində ağrılı-acılı keçmişimizin, mübarizəmizin nəfəsini duyduğumuz Üçüncü, Dördüncü, Beşinci simfoniyalar… Nəhayət həm A.Əlizadənin yaradıcılığında, həm XX Azərbaycan musiqisində tarixi bir əsər-ilk milli qəhrəmanlıq baleti – “Babəkin” premyerası.
A.Əlizadə XXI əsri yeni əsərlərlə qarşılayan bəstəkarlardan idi. 2002-ci ildə Azərbaycan Dövlət Opera və Balet teatrının səhnəsində bəstəkarın ikinci baleti-“Qafqaza səyahət” tamaşaya qoyulmuş və böyük uğur qazanmışdır. Azərbaycan haqqında bu lirik-poetik hekayəti bəstəkar böyük fransız yazıçısı A.Dümanın dilindən söyləyir. A.Əlizadə ölkəmizin ictimai, musiqi həyatında fəal iştirak edən ziyalılarımızdan olub.
A.Əlizadə Azərbaycan musiqi mədəniyyətinin inkişafında ictimai xadim kimi də böyük işlər görür. O, 1979-1985-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi, 1985-1990-cı illərdə birinci katibi olub. 30 ildən artıq Bakı Musiqi Akademiyasında, Y.Məmmədəliyev adına Naxçıvan və Türkiyənin Van universitetlərində dərs deyən bəstəkarın musiqiçilər nəslinin yetişməsində böyük xidmətləri var. Böyük bəstəkarın yaradıcılığı hər zaman musiqi mədəniyyətimizin inkişafında etalon olacaq, onun işıqlı xatirəsi hər zaman insanların qəlbində yaşayacaq.