Bu Mirzə Cəlil əmanətidir – Gülçin Cəmil
Tarix və şəxsiyyət fəlsəfi məzmunlardır. Tarix boyu belə bir sual olub: görəsən, tarixi şəxsiyyət yaradır, yoxsa şəxsiyyət tarixi? Düzü, mən də deyə bilmərəm. Amma onu bilirəm ki, elə həmin tarixlərdə iz qoyan şəxsiyyətlərdən biri də Cəlil Məmmədquluzadədir. O Mirzə Cəlil ki, bütün ömrü boyu xalqının, millətinin savadlanması üçün çalışıb, həmvətənlərini daim dünyagörüşlü insanlar arasında görmək istəyib, onların tərəqqisi, milli-mənəvi düşüncələrinin inkişafı üçün əlindən gələni əsirgəməyib. Müxtəlif zamanlarda, fərqli yerlərdə pedaqoji fəaliyyətlə məşğul olub. Mirzə Cəlil sözün həqiqi mənasında müəllim, müdrik insan olub. O, Azərbaycan mətbuat tarixində satirik tənqidi üslubun və satirik mətbu orqan olan “Molla Nəsrəddin” jurnalının əsasını qoyub. Bu jurnal nəinki Azərbaycanın, eləcə də, digər Qafqaz xalqlarının oyanış və dirçəlişində mühüm rol oynayıb. “Molla Nəsrəddin” jurnalı bundan sonra yaranacaq satirik mətbuat üçün də təməl daşı olub.
Cəlil Məmmədquluzadə daim mövhumat və cəhalətə qarşı vuruşub, milləti qəflət yuxusundan oyatmağa çalışıb. Elə 1909-cu ildə yazmış olduğu məşhur “Ölülər” əsəri də bunun bariz nümunəsidir. Bu əsər ümumən türk dünyasında cəhalət və mövhumata qarşı uğurla mübarizə aparacaq gücə malikdir. Əslində dahi şəxsiyyət “Ölülər” deyərək bu dünyadan köçmüşlərə deyil, həyatda olan, yaşayarkən ölən həmvətənlərinə səslənir. Düzdür, artıq zaman dəyişib. Ölkəmiz müstəqildir. Düşünən beyinlər gündən-günə artmaqdadır. Amma, əfsuslar olsun ki, hələ də falçı yanına gedən, mövhumata inanan insanlar da az deyil. Mirzənin diliylə səslənirəm: “Ey yatanlar, oyanın, mənəviyyatını satıb sizi aldadanlara inanmayın, onlarla mübarizə aparın.”
Doğma dilini sevən, onu müqəddəs hesab edən Cəlil Məmmədquluzadə hələ 1920-ci ildə yazdığı “Anamın kitabı” tragikomediyası bütünlüklə milli istiqlala, azərbaycançılıq əqidəsinə həsr olunub. Əsərin hər abzasında müəllifin azərbaycançılıq mövqeyi açıq-aydın hiss olunur. Tənqidçilər əsəri Zəhrabəyim ananın faciəsi kimi təqdim edirlər, ancaq mən belə düşünürəm ki, “Anamın faciəsi” yalnız Zəhrabəyim ananın deyil, həm də milli ruhunu itirmiş, öz soy-kökünü unutmuş, ana dilində danışmağı özünə ar bilən insanların faciəsidir. Gəlin milli ruhumuzu, soy-kökümüzü, tariximizi və xüsusilə də ana dilimizi unutmayaq. Əmanətə xəyanət etməyib, onu qoruyaq. Ona görə ki, bu bizə Mirzə Cəlil əmanətidir.
Gülçin Cəmil,
BDU-nun jurnalistika fakültəsinin II kurs tələbəsi