Bunları bilirsinizmi?
Uşaqlarda məxmərəkdən qorunmağın yolu peyvənd hesab olunur.
Rakus.az xəbər verir ki, məxmərək adətən uşaqlarda fəsadsız keçir. Ancaq hamiləlik dövründə ilk üç ayda bu xəstəlik keçirilərsə, ana bətnindəki körpədə ciddi anormallıqlara səbəb ola bilər.
Məxmərək (rubella) səpkilərlə müşahidə olunan virus infeksiyasıdır. Virusun mənbəyi xəstə insandır. Təmas və hava damla yolu ilə keçir. Xəstəlikdə yoluxuculuq səpkilərdən bir həftə əvvəl başlayıb, səpkilər yarandıqdan iki həftə sonrakı dövrə qədər olur.
Məxmərəyin əlamətləri hansılardır?
Adətən subfebril temperatur (37,6-a kimi) olur, nadirən yüksək hərarət də ola bilir, zəif zökəm əlamətləri-burun axıntısı, başağrısı, xəfif konyuktivit (gözün selikli qişasının iltihabı) müşahidə olunur. Ən xarakterik əlaməti isə limfoadenopatiyalardır. Yəni boğaz, qulaq arxası, boyun, arxa servikal limfa düyünlərinin böyüməsi mütləqdir. Limfa düyünləri səpkilərdən bir və ya neçə gün əvvəl böyümüş olur.
Səpkilər isə əvvəlcə üzdən başlayıb 24 saat içində sürətlə boyun, qollar, gövdə və bütün ətraflara yayılır. Səpkilər qızılcaya nisbətən seyrək halda olub, basdıqda solan və qaşınmayan xarakterdə olur.
Məxmərəkdən qorunma yolu peyvənddir. Əsaslı müalicəsi yoxdur, simptomatik olaraq müalicə edilir. Bu virus infeksiyası olduğu üçün allergiya dərmanlarına, xüsusilə antibiotiklərə ehtiyac yoxdur. Bu xəstəlik yüngül qrip əlamətləri ilə başlayır, sonradan səpkilər olur. Bu da onu göstərir ki, hər burnu axan, asqıran, temperaturu və narahatçılığı olan uşağa antibiotik verilməməlidir. Bu xəstəliklərin əksəriyyəti virus olur, ona görə də bir az gözləmək və çoxlu dərman verilməməlidir. Bu xəstəliyi də bir dəfə keçirtdikdə orqanizmdə ömürlük immunitet yaranır.