Bunları bilirsinizmi?
Yazın soyuq keçməsi və bu dövrə xas olan allergiya hallarının çoxalması adətən qulaq, burun, boğaz problemlərini kəskinləşdirir.
Rakus.az xəbər verir ki, soyuqdəymə, allergiya nəticəsində burunda yaranan selik axını nəfəs yollarını qapayır. Rahat nəfəs almaq üçün hər çarəyə əl atan insanlar çox zaman sadə bir metoddan yararlanmağı unudurlar.
Ən faydalı metod duzlu su ilə burnun yuyulması hesab edilir. Burunun yuyulması bir qədər ağrıverici, amma çox faydalı bir prosedurdur.
Qış və yaz dövründə burnunu daim yuyan şəxslər müxtəlif xəstəliklərə az məruz qalırlar. Burunu bir neçə yolla yumaq olar. Bu iş üçün adi ilıq su, duzlu su və müxtəlif dərman otlarından hazırlanmış məhlul işə yarayar. Bəzi hallarda pasiyentlər burnun yuyulması üçün aptekdən hazır məhlul alıb yararlanırlar.
Tibdə ən faydalı metod duzlu su ilə burnun yuyulması hesab edilir. Heç bir əks göstəricisi olmayan sağlam insan burnunu hər gün, hətta gündə iki dəfə yuya bilər. Bu halda burun nahiyəsində toplanan qurumuş qalıqları əllə kənarlaşdırmağa ehtiyac qalmayacaq. Burnunu hamının gözü önündə ictimai yerlərdə təmizləyən insanlara tez-tez rast gəlirik. Bu həm mədəniyyətin aşağı səviyyəsinin göstəricisidir, həm də buruna düzgün qulluğun olmadığının.
Uşaqlar böyüklərə nisbətən burunda “eşələnməyi” daha çox sevirlər, çünki kiçik yaşlı körpələrin buruna başqa cür qulluq etməyi imkanı yoxdur. Bu pis adət daha sonra beyinə həkk olaraq daim insanı müşayiət edir. Uşaq dövründən buruna düzgün qulluq edilsə, vaxtı-vaxtında yuyulsa, belə vərdişlərə yer qalmaz. Həm də nəfəsalma normallaşar.
Burunu duzla yumaq üçün adətən dəniz duzu istifadə edilir, çünki daha faydalı və müalicəvidir. Olmayan yerdə elə adi duz da yarayar, amma düzgün dozanı bilmək vacibdir. Bunu bilmədikdə, selikli qişanı zədələmək olar. Ən sadəsi apteklərdə satılan natrium-xlorid məhlulunu alıb istifadə etməkdir. Daha təhlükəsiz olar.
Kiçik yaşlı uşaqların, yəni 3 yaşdan aşağı, burunu duzlu su ilə yuyarkən çox ehtiyatlı olmaq tələb olunur. Belə prosedurun körpə üçün təhlükəsi az deyil. Burunu duzlu su ilə yuyarkən maye yevstax boru ilə orta qulağa düşə bilər, bu da otit təhlükəsini birə beş artırır. Uşaqlarda yevstax boru çox kiçik və geniş olur. Bu səbəbdən burunun yuyulması həm də burundan mayenin sovurulması ilə paralel aparılmalıdır. Xüsusi aparatın köməyi ilə buruna yeridilən mayeni geri çəkmək tələb olunur. Belə aparatlar apteklərdə satılır.
Özündə əminlik hissi olmayan valideyn LOR-a müraciət etsə, uduzmaz. Həkimin kabinetində xüsusi aparatlarla bu işi daha səviyyəli görmək mümkündür. Hətta yaşı daha yuxarı olan uşaqların burnunu yuyarkən xüsusi ehtiyatlı davranış tələb olunur.
Nə zaman yumaq məsləhət deyil
Burun tutulması zamanı yumaq məsləhət deyil. Qrip və soyuqdəymə zamanı selikli qişa normal nəfəsalmanı bloklaşdırır. Bu halda burunu yumaq üçün daha çox təzyiqlə məhlulu vermək tələb olunur. Nəticədə maye ilə birgə xəstəliyin törədicisini orta qulağa ötürmək, problemi daha da ağırlaşdırmaq olar.
Bəzən burunu yumaq heç olmaz. Burun çəpərinin əyriliyi, burun kanallarının tam tutulması, otit, selikli qişada yaranan şiş və tez-tez yaranan qanaxmalar zamanı bu prosedurdan yararlanmaq məsləhət deyil. Bu halda LOR-a müraciət etmək yerinə düşərdi.
Hər halda burunun doğru-düzgün qaydada yuyulması ümumi sağlamlığa yalnız xeyir gətirə bilər.