Bunları bilirsinizmi?
Yeni doğulan, eləcə də sonrakı dövrdə körpələrin əllərinin, ayaqlarının soyuq olması ailələrdə narahatlıq doğuran hallardan biridir. Bu çox zaman xəstəlik kimi dəyərləndirilir. Uşaqların əl-ayağının soyuq olması nədən xəbəri verir? Bunu xəstəlik saymaq olarmı?
Rakus.az xəbər verir ki, pediatr Aysel Hacıağayevanın bunun səbəbləri barədə vaxtilə dərc olunmuş məqaləsimaraq doğurur:
Bir çox ana-atanın narahatlığının səbəbi – körpənin əllərinin soyuq, “buz kimi” olmasıdır. Və bu hal təkcə körpələrdə deyil, həmçinin daha böyük uşaqlarda və yeniyetmələrdə də olur. Dünyaya təzəcə göz açmış körpələrdə 5-6 ayına qədər bədənin hərarəti idarəetməsi tam inkişaf etməmiş olduğu üçün körpələr tez-tez soyuq və istinin təsirinə məruz qalırlar. Bəzən çox isti havalarda belə körpənin əlləri və ayaqları buz kimi soyuq ola bilər.
Bir aylıq (və ya bir az daha böyük) körpənin əl və ayaqlarının soyuq olduğunu aşkar etmisiniz, lakin bu körpə rahat yatır və çəkisini yaxşı artırırsa, o zaman narahat olmağa heç bir səbəb yoxdur – körpə tamamilə sağlamdır. Sadəcə, diqqət edin ki, körpənin əynindəki paltarları daha qalın olsun və yatdığı otaq soyuq olmasın.
6 aydan böyük uşaqların əlləri və ayaqları niyə soyuq ola bilər?
Körpə böyüdükcə onun bədəndə hərarətin idarəetməsi inkişaf edir və əl-ayağın soyuması problemi də ötüb keçir. Lakin bəzi hallarda bu dəyişmir və körpənin əlləri və ayaqları 6 aydan sonra da “buz kimi soyuq” olmağa davam edir.
Səbəblər:
Vegetativ distoniya sindromu (VDS)
Bu sindrom zamanı körpənin sinir sisteminin fəaliyyətindəki nasazlıq səbəbindən əzələlər özlüyündə yığılmağa başlayırlar. Bu spazmalar nəticəsində damarlar daralır və qan dövranı pozulduğu üçün əllər və ayaqlar soyuyur. VDS – ciddi haldır və insana həyatı boyu çox narahatlıq verir. 5-7 yaşlarında uşaqlarda aktiv boy artımı baş verir, bütün orqanlar və sistemlər aktiv inkişaf edir və qan damarları bəzən bu inkişafdan geri qalırlar. Eyni vəziyyət təxminən 11-13 yaşlarında yeniyetmələrdə də müşahidə oluna bilər. Bu yaşda VDS fizioloji norma sayıla bilər.
Yüksək əsəbi gərginlik, uzunmüddətli və tez-tez baş verən neqativ emosiyalar və stress. Bütün bunlar uşağın bədənində istiliyin idarə etməsinin pozulmasına səbəb ola bilər.
Dəmir defisitli anemiya və zəif immunitet. Bu hallarda əsaslı müayinə (qanın ümumi analizi), sonra isə vitamin və mikroelement qəbulu, həmçinin uşağın qida rasionunun yaxşılaşdırılması şərtdir.
Qanın qatılaşması. Qanı daha duru etmək üçün uşağı mütləq şəkildə aktiv fiziki məşğələlərə cəlb etmək, tez-tez piyada gəzintilərə çıxmaq və onu üzgüçülüyə aparmaq lazımdır.
Qalxanabənzər vəzin fəaliyyətinin pozulması. Diaqnozun dəqiqləşdirilməsi üçün körpənin hormonal durumunun ətraflı müayinəsi lazımdır.
Qrip yaxud digər kəskin respirator xəstəliklər zamanı bədən hərarətinin artması. Ətrafların soyuması halları bədənin ümumi hərarəti çox artdıqda müşahidə olunur (≥39°C). Əsas xəstəlik müalicə edildikdə bu problem tamamilə aradan qalxır…
Əziz valideynlər, körpənizin əllərinin və ayaqlarının çox soyuq olduğunu aşkar etdikdə həyəcanlanmayın. İlk növbədə onun yaşını nəzərə alın və bir müddət gözləyin.
Əgər bu hal yaxşılığa doğru dəyişməsə, bunun səbəbini dəqiqləşdirmək və lazımi məsləhətlər almaq üçün ixtisaslaşmış həkimə müraciət edin.