Bunları bilirsinizmi?
Düz qarına sahib olmaq hər bir qadının arzusudur. Bəzən kilo problemi olmayanlarda belə alt qarında sallanma görülür. Sadəcə idman və pəhrizlə ideal qarına sahib olmaq hər zaman mümkün olmaya bilər.
Xüsusilə də, artıq çəkidən qurtulduqdan sonra qarında sallanma olur. Bunun dərəcəsi isə qadının yaşına, dərisinin elastikliyinə bağlıdır. Adətən yaşlı xanımlar çəki verdikdən sonra bu cür xoşagəlməz görünüşlə qarşılaşırlar.
Qarın dartdırma əməliyyatında sallanan dəri kəsilərək xaric edilir. Eyni zamanda abdominal əzələlər orta xəttə sıxışdırılaraq qarın içərisində olan toxumaların yerli yerində dayanmasını təmin edir. Bu proseslə daha gənc və cazibədar görünüşə sahib olmaq mümkündür.
Qarın dartdırma əməliyyatı iki cür olur: tam və yarım dartdırma. Bir çox xəstədə tam qarın dartdırma əməliyyatı lazım olur. Bu zaman bütün bikini bölgəsi boyunca uzanan bir kəsiklə yanaşı göbək dəliyi ətrafında da kəsik edilir. Bu üsulla həm alt, həm də üst qarın bölgəsindəki yağlardan və dəri sallanmasından qurtulmaq mümkündür. Bu əsasən xeyli çəki verən və hamiləlik sonrası qalan qarından azad olmaq istəyənlər üçün nəzərdə tutulub. Yarım qarın dartılmada isə bir kəsik edilir.
Əməliyyatdan sonra 1-3 həftə ərzində korset istifadə edilməlidir. 3 həftədən sonra normal iş həyatına qayıtmaq mümkündür. Tam sağalma 6 ay, kəsik izlərinin itməsi isə 1 ilədək davam edə bilər.