Ceff Bezos 10 milyard dollar ayırır
“Amazon” şirkətinin yaradıcısı, milyarder Ceff Bezos iqlim dəyişikləri ilə mübarizəyə 10 milyard dollar ayıracağına söz verib.
Rakus.az xəbər verir ki, planetin ən zəngin adamı bu vəsaitin alimlərin apardıqları tədqiqatların, qlobal istiləşməyə qarşı mübarizə ilə məşğul olan ekologiya fəallarının və digər təşkilatların işinin maliyyələşməsinə sərf olunacağını bildirib.
“Mən iqlim dəyişmələrinin dağıdıcı təsirinə qarşı məlum metodları gücləndirmək və yeni üsulları öyrənmək məqsədilə hamı ilə birgə işləmək istərdim”, – deyə Bezos “Instagram”da dərc etdiyi məlumatda bildirir. Bezos bəyan edib ki, fond pulların bölüşdürülməsinə artıq bu yay başlayacaq.
Bezos, həmçinin “Blue Origin” kosmik proqramını da maliyyələşdirir.
Bəzi multimilyarderlərlə müqayisədə Bezos məhdud çərçivədə xeyriyyəçilik fəaliyyəti ilə məşğuldur. Onun bundan əvvəlki ən böyük ianəsi 2018-ci ilin sentyabrında olub. 2 milyard dollar vəsait evsiz ailələrə yardıma və bəzi məktəblərin maliyyələşdirilməsinə sərf edilib.