Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir?
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.
Rakus.az xəbər verir ki, buraxılışda filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova Xıdır Nəbi mərasiminin, Novruzun gəlişini xəbər verən çərşənbə axşamlarının mahiyyətindən söz açıb.
O bildirib ki, Xıdır Nəbi mərasimindən sonra yenilənmə prosesi başlayır: “Çərşənbələrdə bəzi əməlləri etməklə taleyi dəyişdirmək mümkündür. Xıdır Nəbi gecə gizlicə evə gələrək qovudun üzərində iz qoyur. Qovudun evin dörd küncə qoyulmasının böyük sirri var”.
Onun sözlərinə görə, Od kultu və qədim türk təfəkkürü cəmrənin sakral mənasıdır: “Cəmrə havaya, suya, torpağa düşür. Bəd ruhlarla mübarizə üçün rituallar vacibdir. Qədim inancların müasir psixoloji təsiri var”.
A.Cəfərova Çərşənbə axşamının niyə bəd ruhlarla mübarizə gecəsi hesab olunması, Od kultu və Tanrı inancının qovuşduğu cəmrə anlayışının haradan gəlməsi, Xıdır Nəbinin hansı evə qədəm qoyması və kimlərin ruzi-bərəkət qazanması ilə bağlı suallara da aydınlıq gətirib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş fevralın 28-də saat 18:00-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.














