Ceyhun Bayramov Aİ rəsmisinə erməni hücumlarından danışdı
Bu gün Xarici İşlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı baş tutub.
Rakus.az xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, telefon danışığı zamanı tərəflər bölgədəki son vəziyyət barədə fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov, şənbə günü, humanitar atəşkəs barədə ikinci razılığın əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələrinin Cəbrayıl rayonu istiqamətində Azərbaycan mövqelərinə hücum etdiyini, həmçinin Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycanın Gədəbəy və Tovuz rayonlarını atəşə tutduğunu Ali Nümayəndənin diqqətinə çatdırıb. Nazir humanitar atəşkəs rejimini pozmaqla Ermənistanın beynəlxalq hüquqa, eləcə də beynəlxalq humanitar hüquqa dair öhdəliklərinə riayət etmədiyini bir daha nümayiş etdirdiyini vurğulayıb.
Ali nümayəndə Cosef Borel, Aİ-nin sözçüsünün Gəncə şəhəri ilə bağlı açıqlamasına toxunub və mülki insanları və mülki obyektləri hədəf almağın qəbuledilməz olduğunu vurğulayıb. O, hər iki tərəf ilə razılaşdırılmış humanitar atəşkəsin tətbiq olunmasının vacibliyini vurğulayıb və münaqişənin həlli üçün mahiyyət üzrə danışıqların zəruriliyini qeyd edib.
Ceyhun Bayramov, Azərbaycanın Gəncə şəhərinə hücum və mülki şəxslərin hədəf alınması ilə bağlı bəyanatla çıxış etdiyi üçün Avropa İttifaqının ali nümayəndəsinə təşəkkürünü bildirib. Nazir bu hərbi cinayətə görə Ermənistan rəhbərliyinin məsuliyyət daşıdığını vurğulayıb.