Ceyhun Bayramov BQXK-nın regional direktoru ilə görüşdü
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə olan Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Martin Şüeppi qəbul edib.
Rakus.az xəbər verir ki, XİN-dən verilən məlumata görə, görüşdə nazir qarşı tərəfə Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 10 noyabr tarixində imzaladığı birgə bəyanatdan sonra regionda vəziyyətin sabitləşdirilməsi istiqamətində atılan addımlar barəsində məlumat verərək, birgə bəyanat ilə atəşkəsin təmin edildiyini, hərbi fəaliyyətlərin dayandırıldığını və bununla əlaqəli şəkildə Azərbaycan Respublikasının işğal edilmiş Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə Azərbaycanın nəzarətinə qaytarıldığını diqqətə çatdırıb. Birgə bəyanatın icra edilməsi ilə regionda sülh, təhlükəsizlik və əməkdaşlıq üçün yeni imkanlar açıldığı vurğulanıb.
Bölgədə yaranmış yeni şərait nəzərə alınmaqla BQXK-nın Ermənistan-Azərbaycan münaqişəsinin təsirinə məruz qalmış ərazilərimizdə bütün insanların həyat şəraitinin yaxşılaşdırılması və dinc birgəyaşayışın təmin edilməsi işinə özünün müsbət töhfəsini verəcəyinə ümid ifadə edilib.
Öz növbəsində, Martin Şüepp Azərbaycan ilə BQXK arasında ötən illər ərzində formalaşmış əməkdaşlığın, o cümlədən təşkilatın mandatının əsasını təşkil edən beynəlxalq humanitar hüquqa əməl edilməsi istiqamətində Azərbaycan tərəfindən atılmış addımların BQXK tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. 10 noyabr tarixli birgə bəyanatdan irəli gələn BQXK-nın mandatına aid müvafiq məsələlərin həlli istiqamətində görülən işlər barədə məlumat verib.
Görüşdə habelə Azərbaycan ilə BQXK arasında əməkdaşlığın perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb, BQXK-nın ölkədəki fəaliyyətinin səmərəliliyi və effektivliyinin daha da artırılması yolları müzakirə edilib.