Çinin Hyustondakı Baş Konsulluğu bağlandı
Vaşinqtonun tələbi əsasında Çinin ABŞ-ın Hyuston şəhərindəki Baş Konsulluğu fəaliyyətini dayandırıb.
Rakus.az xəbər verir ki, diplomatik nümayəndəliyin avadanlıq və əşyaları tam boşaldılaraq, bina təhvil verilib. Çin tərəfi binanı boşaltdıqdan bir neçə saat sonra ABŞ-ın səlahiyyətli qurumlarının nümayəndələri bura baxış keçiriblər.
İyulun 21-də Donald Tramp administrasiyası Çin hökumətinə Hyustondakı baş konsulluğunu bağlamaq üçün 72 saat vaxt vermişdi. Vaşinqton öz vətəndaşlarının intellektual mülkiyyətini və şəxsi məlumatlarını qorumaq üçün belə qərar qəbul etdiyini açıqlamışdı. ABŞ tərəfi iddia edir ki, Çin agentləri baş konsulluğunun fəaliyyətindən istifadə etməklə Texas ştatındakı müxtəlif təyinatlı obyektlərdən məlumatlar oğurlayır. Pekin bu ittihamları qərəzli böhtan adlandırıb və buna cavab olaraq ABŞ-ın Çinin Çendu şəhərindəki konsulluğunu bağlamağı tələb edib.
Xatırladaq ki, son vaxtlar iki dövlət arasında bir çox məsələlər üzrə gərginlik müşahidə olunur. Bura iqtisadi-ticari mübahisələr, siyasi mövzular, Çinin qabaqcıl texnologiya şirkətlərinə Vaşinqtonun tətbiq etdiyi qadağa və məhdudiyyətlər, COVID-19 virusu ilə bağlı qarşılıqlı ittihamlar, hər iki ölkənin Cənub Çin dənizindəki hərbi fəaliyyəti ilə bağlı məsələlər daxildir. Artıq bu siyahıya diplomatik qadağalar da əlavə olunub.