COVID-19 ilə bağlı 6 şərt açıqlandı
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yayılmasına qarşı tətbiq edilən tədbirlərin yumşaldılması üçün 6 şərti açıqlayıb.
Rakus.az xəbər verir ki, ÜST-ün Baş direktoru Tedros Adhanom Qebreyesus sosial və iqtisadi sahələrdə atılan addımların sürətlə aradan qaldırılması halında epidemiyanın yenidən güclənmə riskinin olduğunu deyib.
Epidemiyanın yayılmasının nəzarət altında olduğundan əmin olmaq lazımdır
Epidemiyanın nəzarətə alınması dedikdə, yayılma zəncirinin halqalarının və çıxış nöqtələrinin müəyyən edilməsi nəzərdə tutulur.
Yeni halların sürətlə aşkar edilməsi
ÜST rəhbəri ikinci şərtin yeni halların sürətlə müəyyən edilməsi, sözügedən şəxslərin testdən keçirilməsi, zəruri hallarda təcrid olunması və müalicəsi olduğunu qeyd edib, virusa yoluxmuş şəxslərin izlənilməsinin də vacibliyini vurğulayıb.
İnfeksiya riskinin minimuma endirilməsi
Görülən tədbirlərin yumşaldılmasından əvvəl milli hökumətlər, xüsusilə xəstəxanalar və digər tibb müəssisələri ətrafında infeksiya riskini minimuma endirməlidirlər.
Hökumətlər qoruyucu tədbirlər görməlidir
Hökumətlər iş yerlərində, məktəblərdə və əhəmiyyəti ictimai yerlərdə koronavirusa qarşı zəruri tədbirləri görməlidir: sosial məsafə, gigiyena tədbirləri və temperaturun ölçülməsi və s.
Səyahətlər epidemiyanı yenidən başlada bilər
Səyahətlər vasitəsilə epidemiyanın yenidən yayılması riski nəzərdə saxlanmalıdır.
Cəmiyyət virusa qarşı kifayət qədər maarifləndirilməlidir
ÜST rəhbərinin fikrincə, yalnız kifayət qədər maarifləndirmə sayəsində cəmiyyətin yumşaldılmış tədbirlərə yüksək səviyyədə riayət etməsinə nail olmaq olar.