Danışıqları işçi səviyyədə davam etdirəcəklər
ABŞ Prezidenti Donald Trampın Yaponiyaya bu ay gözlənilən səfəri ərəfəsində iki ölkə arasında ticari danışıqların işçi səviyyədə davam etdirilməsi barədə razılıq əldə olunub.
Rakus.az xəbər verir ki, bu barədə NHK telekanalı mayın 12-də məlumat yayıb. Bildirilib ki, həmin razılıq Yaponiyanın iqtisadi bərpa naziri Toşimitsu Moçeqi ilə ABŞ-ın ticarət nümayəndəsi Robert Laythazer arasında mayın 11-də baş tutan telefon danışıqları zamanı əldə edilib. Bu, tərəflər arasında son iki gündə ikinci telefon danışığıdır.
Xatırladaq ki, ötən ay tərəflər ticari danışıqların növbəti raundunu keçiriblər. T.Moçeqi və R.Laythazer ilkin olaraq kənd təsərrüfatı məhsulları və avtomobillərin tarifləri barədə danışıqların başlanması barədə razılıq əldə ediblər. Onlar, həmçinin gələcəkdə rəqəmsal ticarət barədə müzakirələrlə bağlı da razılığa gəliblər.
Mayın 11-də baş tutan telefon danışığı zamanı, T.Moçeqi və R.Laythazer ABŞ prezidentinin mayın 25-də Yaponiyaya gözlənilən səfəri ərəfəsində müzakirə olunacaq mövzuların yenidən nəzərdən keçirilməsinin zəruriliyini etiraf ediblər.