“Daxildəki ada” “Sarajevo Film Festival”ında
Azərbaycan istehsalı olan film 100 mindən çox auditoriyaya malik və Avropanın ən önəmli festivallarından biri sayılan “Sarajevo Film Festival”ının əsas müsabiqə proqramına seçilib.
Rakus.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilən “Daxildəki ada” tammetrajlı bədii filmin müəllifi və rejissoru Rüfət Həsənovdur.
Ekran işi “Sarajevo Film Festival”ının əsas müsabiqə proqramına seçilən ilk tammetrajlı bədii Azərbaycan filmidir.
Avqustun 14-21-də keçiriləcək 26-cı “Sarajevo Film Festival”ının jüri prezidenti “Oskar” mükafatlı “Artist” filminin rejissoru Mişel Hazanaviçiusdur.
Festivalın əsas proqramının jüri heyətinə, həmçinin Berlin Film Festivalının bədii rəhbəri Karlo Şatrian, aktrisa Yadranka Dokiç, rejissor Srdan Qoluboviç və Morelia Film Festivalının layihə rəhbəri Andrea Stavenhagen daxildirlər.
“Daxildəki ada” tammetrajlı bədii filmi “Azərbaycanfilm”, “Debüt” film studiyası, “Arizona Productions”, “Coyote Cinema” və “Mandarin Agency”-nin birgə istehsalıdır. Filmin post-prodakşn dəstəyi CNC – Fransa Dövlət Kino və Animasiya Mərkəzi və Baku Media Mərkəzinə, media dəstəyi isə İctimai Televiziyaya aiddir. Baş qəhrəman Seymur Tahirbəyov dünyanın qabaqcıl şahmat qrossmeysterlərindən biridir. Karyerasının ən önəmli oyunundan bir neçə həftə öncə özünü kəşf etmək məqsədilə yalnız bir nəfər sakini olan adaya gizlincə yola düşür.
Filmin ssenari müəllifi və rejissoru Rüfət Həsənov, quruluşcu operatoru Orxan Abbasov, quruluşcu rəssamı Elturan Məmmədov, bəstəkarları Katya Yonder və Fərhad Fərzəli, səs rejissoru Teymur Kərimov, ikinci rejissoru Kamran Ağabalayev, icraçı prodüseri Nadir Əliyevdir.
Baş rolları Orxan Ata, Vidadi Həsənov, Qurban İsmayılov, Rafiq Əzimov və Elvin Adıgözəl ifa edirlər.