Demokrat seçkidə respublikaçıya qalib gəldi
Corciya ştatında ABŞ Senatına seçkilərin ikinci turunda demokrat Rafael Uornok respublikaçı Kelli Lefflerə qalib gəlib.
Rakus.az xəbər verir ki, səslərin rəsmi sayılması hələ başa çatmayıb. Bülletenlərin təxminən 98 faizinin hesablandıqdan sonra Uornokun 50,5 faiz, Lefflerin 49,5 faiz səs yığdığı məlum olub. Telekanalın mülahizəsinə görə, artıq respublikaçının qalib gəlmək şansı yoxdur.
Corciyada səsvermənin yekunları respublikaçıların ABŞ Konqresinin yuxarı palatasında nəzarəti saxlayıb-saxlamayacağı məsələsinə aydınlıq gətirəcək. Respublikaçılar partiyası hazırda Senatda çoxluğa malikdir. Ötən il noyabrın 3-də keçirilən seçkilərin nəticələrinə əsasən, onlar senatda 100 yerdən 50-ni əldə ediblər. Demokratlar isə hələlik 48 yerə sahibdir.
İndi Corciya ştatında Senatdakı qalan iki yer uğrunda mübarizə gedir. Əgər demokratlar hər iki mandata yiyələnə bilsələr, Kamala Harrisin ABŞ-ın vitse-prezidenti seçilməsi ilə Senatda üstünlük bu partiyaya keçəcək. ABŞ qanunvericiliyinə əsasən, Senata vitse-prezident başçılıq edir və o, hər hansı məsələyə baxılan zaman qanunvericilərin mövqeyi tam bərabər bölünərsə, səs verə bilər.
Respublikaçıların Senatda çoxluğu əldə saxlaması üçün iki mandatdan birini qazanması kifayətdir.