Dorian qasırğası ABŞ-a çətin anlar yaşadacaq
Puerto-Rikodan uzaqlaşan Dorian qasırğasının yaxın günlərdə daha da güclənərək şimal Baham adaları və Birləşmiş Ştatlara yaxınlaşacağı gözlənilir.
Rakus.az xəbər verir ki, ABŞ Milli Qasırğa Mərkəzinin bildirdiyinə görə, cümə axşamı küləyin sürəti saatda 140 kilometrə çatıb.
Sinoptiklər Dorian qasırğasının episentrinin şənbə gününə qədər şimal Baham adalarına, bazar və ya bazar ertəsi günü isə ABŞ-ın Florida ştatına yaxınlaşacağını gözləyir.
Floridanın qubernatoru Ron De-Santis fırtına, güclü yağışlar və küləklərin vura biləcəyi zərərlərə hazırlıqlar görmək üçün ştatda fövqəladə vəziyyət elan edib.
“Şərq sahilində yaşayan bütün floridalılar yeddi günlük tədarük görməli, evlərini hazırlamalı və hava proqnozunu yaxından izləməlidirlər”, – De-Santis “Tweeter” səhifəsində yazıb.
Xatırladaq ki, Dorian Puerto-Rikonun iki adasında su və elektrik kəsilmələrinə səbəb olsa da, bu, ABŞ ərazisinə hələlik böyük ziyan vurmayıb.