Dünya turizmi 195 milyard ziyana düşdü
Dünya turizm sənayesi 2020-ci ilin əvvəlindən, təxminən, 195 milyard ABŞ dolları itirib.
Rakus.az xəbər verir ki, bu barədə BMT yanında Ümumdünya Turizm Təşkilatının (UNWTO) hesabatında deyilir.
Hesabat müəllifləri bildiriblər ki, turizm pandemiya zamanı ən çox təsirlənən sahələrdən biridir və hökumətlərin və beynəlxalq təşkilatların dəstəyi olmadan şokdan yaxa qurtara bilməz.
Hesabatda vurğulanıb ki, karantinin tətbiq olunmağa başlandığı mart ayında beynəlxalq turistlərin sayı 55 faiz azalıbsa, apreldə dünyada turist səfərlərinin sayında 97 faizlik azalma qeydə alınıb. Ümumilikdə 2020-ci ilin yanvar-aprel aylarında xaricə səyahət edənlərin sayı 44 faiz azalıb.
Bu ilin ilk üç ayında dünyanın demək olar ki, bütün bölgələrinə səyahət edən beynəlxalq turistlərin sayı kəskin şəkildə azalıb: Asiya-Sakit okean regionu ölkələrinə – 51 faiz, Avropaya – 44 faiz, Yaxın Şərqə – 40 faiz, Şimali və Cənubi Amerikaya – 36 faiz, Afrikaya – 35 faiz.
UNWTO rəhbəri Zurab Pololikaşvili hesabatı şərh edərkən deyib ki, hər yerdə turizmin bərpası başlayana qədər bütün ölkələr sektora iqtisadi dəstək verməlidir. O, Avropa İttifaqı və ayrı-ayrı dövlətlərin, o cümlədən Fransa və İspaniyanın bu sahənin xilas edilməsinə yönəlmiş bir sıra tədbirlər gördüyünü qeyd edib.
UNWTO 2020-ci ildə ölkələrin tətbiq etdiyi məhdudiyyətlərdən asılı olaraq, beynəlxalq turist axınının 58-78 faiz azalacağını, dünyada beynəlxalq turistlərin sayının 850 milyon – 1,1 milyard nəfər azalacağını, habelə sektorun itkisinin 910 milyard – 1,2 trilyon ABŞ dolları təşkil edəcəyini, turizm sahəsində çalışan 100-120 milyon insanın işsiz qalacağını gözləyir.