Düşmənin yaşayış məntəqlərimizə atdığı bombacıqlar zərərsizləşdirildi - FOTO
Noyabrın 9-da Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, İmişli, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən 18 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən bir müraciət daxil olub.
Rakus.az xəbər verir ki, bununla bağlı ANAMA məlumat yayıb.
Bildirilib ki, daxil olmuş 19 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Göyük, Hacılar, Yuxarı Qiyaməddinli kəndləri, Ağdam rayonunun Şükürağalı, Xındırıstan, Zəngişalı kəndləri, Beyləqan rayonunun Milabad kəndi, Füzuli rayonunun Alxanlı, Əhmədalılar, Əhmədbəyli kəndləri, İmişli rayonunun Xəlfəli kəndi, Tərtər rayonunun Azad Qaraqoyunlu, Düyərli, Seydimli, Yuxarı Sarıcalı kəndləri, Şıxarx qəsəbəsi, Axundov və Cavanşir küçələri ərazisinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 32 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.
Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 131 ədəd partlamamış hərbi sursat (PHS), 65 ədəd bombacıq, 249 ədəd tank əleyhinə mina, 252 ədəd tank əleyhinə minanın partladıcısı, 8 647 ədəd müxtəlif çaplı patronlar, 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, 36 ədəd boş avtomat darağı, 2 ədəd dron və 58 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Agentliyin partlayış qrupu tərəfindən 130 ədəd partlamamış hərbi sursat (PHS), 65 ədəd bombacıq zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 42 777 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.