Əfqanıstanda 18 nəfər öldü, 100-dən çox insan yaralandı
Əfqanıstanın paytaxtı Kabildəki polis məntəqəsi yaxınlığında avtomobilə yerləşdirilmiş güclü bomba partlayışı çox sayda insanın ölümünə və yaxınlıqdakı binaların zədələnməsinə səbəb olub.
Rakus.az xəbər verir ki, paytaxtın qərbindəki Əfqanıstan Polislərin İşəgötürmə Mərkəzinə edilən hücumun məsuliyyətini “Taliban” dərhal üzərinə götürüb.
Yerli media hücum zamanı azı 18 nəfərin öldüyünü, 100-dən çox insanın yaralandığını bildirib. Əfqanıstan Səhiyyə Nazirliyinin bildirdiyinə görə, çoxu mülki vətəndaş olmaqla, xəstəxanaya aparılan 100-dən çox yaralı arasında qadın və uşaqlar da var.
Ölümcül hücum “Taliban”ın əfqanlara qarşıdan gələn prezident seçkilərində iştirak etməməklə bağlı təhdidlərindən bir gün sonra törədilib.
Əfqanıstanın Daxili İşlər Nazirliyinin sözçüsü Nəsrət Rəhimi intiharçının avtomobildəki bombanı təhlükəsizlik qüvvələrinin avtomobili polis idarəsinin keçid məntəqəsində saxlayarkən partlatdığını deyib.
“Taliban” sözçüsü Zabihulla Mücahid güclü mühafizə olunan mərkəzin girəcəyində mülki vətəndaşların olmadığını bildirib.