Əfsanəvi azərbaycanlı Kərim Kərimovun doğum günüdür
1917-ci il, noyabrın 14-də kosmik proqramların gerçəkləşdirilməsinin fəal iştirakçısı, görkəmli alim və hərbi xadim, Kosmik Uçuşlar üzrə SSRİ Dövlət Komissiyasının sədri, Sosialist Əməyi Qəhrəmanı, Dövlət və Lenin mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, general-leytenant Kərim Abbasəli oğlu Kərimov anadan olub.
SSRİ-nin kosmik tədqiqatlar sahəsində əldə edilən uğurlardan danışarkən artilleriya general-leytenantı Kərim Kərimovun bu sahədəki fəaliyyətini mütləq vurğulamaq lazımdır. O, “R-2″ raketlərinin istehsalında müstəsna rol oynayıb. 1957-ci il oktyabrın 4-də bu raketlərdən birinin köməkliyi ilə dünyada ilk dəfə olaraq yerin süni peyki kosmik fəzaya buraxılıb. Və planetimizdə kosmos dövrünün başlanması birbaşa həmyerlimizin adıyla da bağlı olub. Kərim Kərimov 25 il pilotlu gəmilərin sınaq uçuşları üzrə Dövlət Komissiyasının sədri olub və 3000-dən çox raketin kosmosa buraxılmasında iştirak edib.