Elçin Əmirbəyov: “Qarşı tərəfdən fərqli olaraq dinc əhalini hədəfə götürmürük” - VİDEO
Sentyabrın 27-də Ermənistan ordusunun Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etməsi ilə başlamış döyüş əməliyyatları zamanı qarşı tərəf ilk gündən Azərbaycanın dinc əhalisini və mülki infrastrukturunu əsas hədəf olaraq seçib.
Rakus.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinin köməkçisi Elçin Əmirbəyov “BBC World” kanalının “Xəbərlər” proqramının canlı efirində bildirib.
Azərbaycan tərəfinin bu hərbi əməliyyatda müvəffəq olacağı təqdirdə Qarabağdakı erməni əhalisinin guya soyqırımına məruz qalacağı barədə Ermənistan baş naziri Nikol Paşinyanın iddialarına münasibət bildirən köməkçi bu cür sərsəm fikirlərə şərh verməyi belə rəva görmədiyini qeyd edib. Bunun əvəzində E.Əmirbəyov bu vəziyyəti sülh yolu ilə həll etmək istəyən hər kəsə sözügedən hadisələrin, ilk növbədə, Azərbaycan ərazilərinin 30 ilə yaxındır Ermənistan tərəfindən işğal altında saxlanılaraq etnik təmizləmələr aparıldığından sonra yaranmış qəbuledilməz status-kvo olduğunu xatırladıb.
Xankəndi şəhərinin guya Azərbaycan Ordusu tərəfindən atəşə tutulması və dinc əhali arasında ölənlər olması barədə müxbirin sualına cavab verən E.Əmirbəyov işğalçı Ermənistandan fərqli olaraq Azərbaycanın heç vaxt dinc əhalini hədəfə almadığını, lakin qarşı tərəfin atəş nöqtələrini qəsdən şəhər içində yerləşdirməsi üzündən istər-istəməz əhali arasında tələfatın meydana gəldiyini bildirib. Bununla yanaşı, E.Əmirbəyov jurnalistə Ermənistan ordusunun cəbhə bölgəsindən xeyli uzaqda yerləşən Gəncə, Mingəçevir və s. şəhərləri raket atəşinə tutmasını əks etdirən videoları da efirə verməyi tövsiyə edib. Belə ki, həmin şəhərlərin Ermənistan ərazisindən qanadlı raketlər, habelə “Smerç” və “Polonez” tipli yaylım atəş qurğularından atəşə tutmaqla qarşı tərəf Azərbaycanı adekvat cavab tədbirlərə təhrik edərək münaqişəyə üçüncü ölkələri cəlb etmək məqsədi güdür.
Münaqişəyə Rusiyanın da cəlb olunması ehtimalına toxunan E.Əmirbəyov bu ölkənin ATƏT-in Minsk qrupu həmsədri kimi mühüm vasitəçilik fəaliyyəti göstərdiyini, son hadisələrdə neytral mövqeyini yüksək dəyərləndirdiklərini söyləyib.