Hərbi 06.07.2019 11:22

“Elə bir qəhrəmanlıq göstərəcəm ki,..” - FOTO

Milli Qəhrəmanlarımız

 

Tarix boyu vətən uğrunda vuruşan qəhrəmanlar hörmətlə anılıb. Böyüməkdə olan nəsillər üçün həmişə örnək olublar. Heykəlləşib əbədiləşiblər. Adı əbədiləşən cəsur oğullarımızdan biri də Qarabağ müharibəsində hünər və rəşadət göstərmiş Azərbaycanın Milli Qəhrəmanı İsmayılov Etibar Bəylər oğludur.

Etibarın döyüşlərdə göstərdiyi şücaət və hünər əsrlərə sığmayan bir qəhrəmanlıqdır. Döyüşün həlledici anında, gərgin məqamında yəqin ki, şüurlu surətdə bu addımı çoxları ata bilməzdi. Bunu yalnız Etibar kimi ürəyində, qəlbində Vətən sevgisi, torpaq məhəbbəti, fövqəladə hünəri və cəsarəti olanlar bacarardılar. Onun erməni işğalçıları ilə son döyüşü 4 yanvar 1994-cü il Xocavənd rayonunun Nərgiztəpə yüksəkliyi uğrunda oldu. Ertəsi gün – yanvar ayının 5-də isə bu cəsur əsgərə Azərbaycanın Milli Qəhrəmanı fəxri adının verilməsi barədə ölkə başçısının fərmanı çıxdı. Fərmanda deyilirdi: “Döyüşçü dostlarının həyatını xilas etmək üçün tank əleyhinə qumbara ilə düşmən tankının altına atılaraq onu məhv etdiyinə, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında xüsusi igidlik və şücaət göstərdiyinə görə taqım komandiri çavuş Etibar Bəylər oğlu İsmayılova “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilsin” (ölümündən sonra). Etibarın son döyüşdəki qəhrəmanlığı hamını heyrətə saldı. İnanıram ki, onun igidliyi dünya durduqca dillər əzbəri olacaq.

Fərmanın qısa mətnini oxuduqca onun göstərdiyi qeyri-adi qəhrəmanlıq bir anın içində başqaları kimi məni də heyrətləndirdi. Neçə ildən bəri davam edən Qarabağ müharibəsində belə hünər, rəşadət və qəhrəmanlıq göstərənləri barmaqla saymaq olardı. Etibar cəsarəti ilə sanki qəhrəmanlıq tariximizə yeni – şərəfli bir səhifə yazmışdı. Cəsur əsgər bu qəhrəmanlıq pilləsinə yüksələnə qədər otuz illik ömür yaşamışdı. Sanki həyat ötüb arxada qalan illər ərzində onu bu cür qeyri-adi hünər göstərməyə hazırlamışdı. Etibar ömrü boyu bu qəhrəmanlığa doğru yol gəlmişdi. Axır ki istəyinə çatmış, arzusuna qovuşmuşdu.

Ölkə rəhbərinin fərmanı elan olunandan az müddət sonra onun həyat və döyüş yolu ilə yaxından tanış olmaq üçün doğulub boya-başa çatdığı Ağcabədi rayonunun Hindarx kəndinə və xidmət etdiyi hərbi hissəyə üz tutdum. Döyüşçü yoldaşları ilə, doğmaları ilə görüşüb söhbət etdim. Yollarda vaxtım çox getsə də, qəhrəman barəsində kifayət qədər maraqlı və dəyərli faktlar topladım. Onun qısa, lakin şərəfli ömür yolu ilə tanışlıqdan sonra belə nəticəyə gəldim ki, Etibarın göstərdiyi igidlik, təsadüfi deyil, qandan gələn, tarixdən qaynaqlanan bir qəhrəmanlıqdır. Öyrəndim ki, atası Bəylər kişi Böyük Vətən müharibəsinin od-alovundan keçib, döyüşlərdə cəsarətlə vuruşaraq igidlik göstərib. Cəsarətinə görə müxtəlif orden və medallarla təltif olunub. Qəhrəmanın atası döyüşlərdən, müharibədə göstərdiyi igidliklərdən övladlarına danışmağı çox xoşlayarmış. Etibar isə bu söhbətlərə qulaq asa-asa böyüyərmiş. Yaşadığı gözəl həyat sanki hər gün bir pillə onu qəhrəmanlıq zirvəsinin fəthinə apararmış.

Söhbətimiz zamanı Bəylər kişi xəyalların qanadında bir anlıq da olsa Etibarlı günlərinə qayıtdı, kövrək hislərin pıçıltısında övladını xatırladı. Danışdıqca da göz yaşlarına hakim olmağı bacarmadı. Səsində, sözündə qürur ifadə olunan qəhrəmanın atası həm oğlundan, həm də Böyük Vətən müharibəsinin odlu-alovlu günlərindən söz açdı, asta-asta xatirələrini çözələdi:

– Etibar hələ məktəbli olanda mənə müharibədən, döyüşlərdən danışmağı xahiş edərdi. Mən də uşağın sözünü yerə salmazdım. Düşünürdüm ki, qoy hər şey onun istədiyi kimi olsun. Müharibədən bəhs edən kinolara həvəslə baxar, kitabları maraqla oxuyardı. Sovet İttifaqı qəhrəmanları Mehdi Hüseynzadənin, Qafur Məmmədovun, Həzi Aslanovun, Cəmil Əhmədovun və başqalarının igidliyindən danışanda susar, söylədiklərimə diqqətlə qulaq asar, sonra da dərin fikrə gedərdi. Bu anlarda nə düşündüyünü, uşaq beynində gələcək üçün hansı planlar qurduğunu özündən başqa kimsə bilməzdi. Yalnız onu hiss edirdim ki, böyüdükcə özünə ideal hesab elədiyi qəhrəmanlara oxşamağa çalışır. İki il Etibara Azərbaycan dili və əbiyyatından dərs demişəm. Həmişə dərslərini yaxşı oxuyar, heç kimdən geri qalmazdı. Ədəbiyyata, sənətə böyük maraq göstərirdi. Sözlərindən, fikirlərindən onun balaca sinəsində cəsurluq göstərməyə qadir olan böyük və cəsur bir ürək döyündüyünü hiss etmək çətin deyildi. Erməni işğalçıları torpaqlarımıza hücum çəkəndə bu cəsur ürək Etibarı qanadlandırıb Qarabağ müharibəsinə apardı. Oğlum kənddəki dost-tanışlarına qoşulub Kərkicahanın müdafiəsinə yollandı. Döyüşlərdə böyük hünər göstərdi, igidlikdə ad çıxartdı.

Kərkicahan ətrafında gedən döyüşlərdə Etibar İsmayılovun komandiri olmuş mayor Fazil Həsənov qəhrəmanı belə xatırladı:

– 1991-ci ilin noyabrı idi, biz Kərkicahanın müdafiəsində dayanmışdıq. Torpaq uğrunda gedən qanlı döyüşlər səngimək bilmirdi. Ermənilərin qarşısını almaq üçün mövqeyimizdə qətiyyətlə dayanır, bir addım da olsun geri çəkilmirdik. Həmin gərgin günlərdə ölkəmizin hər yerindən torpaq qeyrəti çəkən oğullar ətrafımıza toplaşırdılar. Gündən-günə qüvvəmiz artır, gücümüz çoxalırdı. Yadımdadır, Ağcabədi rayonunun Hindarx kəndindən döyüşə 23 nəfər cavan oğlan gəlmişdi. Hamısı da bir-birindən igid və cəsur. Onlarıı bir postda yerləşdirmişdik. Döyüşçülər zarafatla bu mövqeyi “Hindarx postu” adlandırırdılar. Gələnlərin arasında Etibar adlı döyüşçü elə ilk gündən cəsarəti və hünəri ilə diqqətimi cəlb etdi. Çox qorxmaz və cəsur oğlan idi. Həyatı bahasına olsa da, ən çətin və təhlükəli tapşırıqları yerinə yetirməkdən çəkinməzdi. Sanki qorxu hissi ona yad idi. Döyüşlər dayananda, atəş səsləri kəsiləndə yanıma gələr oturub söhbət edərdik. O, həm də maraqlı həmsöhbət idi. Həmişə üstündə tank əleyhinə qumbara gəzdirərdi. Heç yadımdan çıxmaz, söhbətlərinin birində Etibar qumbaranı mənə göstərərək: “Komandir, bax görərsiniz, ömrümün son anında da olsa elə bir qəhrəmanlıq göstərəcəm ki, hamı bundan heyrətə gəlsin”, – dedi. Cəsur döyüşçü verdiyi sözə kişi kimi əməl elədi. Müdafiəsinə qalxdığı torpaq uğrunda şəhid olsa da, bütün nəsillərə nümunə olacaq qəhrəmanlıq göstərdi. Hünəri, cəsarəti və qanı ilə adını qəhrəmanlıq tariximizə qızıl hərflərlə yazdı. Özündən sonra heç vaxt pozulmayacaq izlər qoydu.

Kapitan Pənah Cəfərov isə qəhrəman haqqında bunları dedi:

– Etibar İsmayılovu yaxından tanıyırdım. Döyüşkən, cəsur, xalqına ürəkdən bağlı olan bir insan idi. Şuşada, Adərədə, Adamda və Xocavənddə vuruşmuşdu. Son günlər isə Ağcabədinin müdafiəsində dayanmışdı. Ondan ordumuz üçün yaxşı zabit olardı. Çünki həm döyüş təcrübəsi zəngin idi, həm də bacarıqlı idi. Bütün müsbət xüsusiyyələrini nəzərə alıb ona zabit rütbəsi verilməsi üçün komandanlığa təqdimat göndərmişdik. Təəssüflər ki, Etibar İsmayılovu tez itirdik. Nə edəsən ki, torpaq yaxşıları aramızdan çox erkən aparır. Biz onun qəhrəmanlığını heç vaxt unutmayacaq, həmişə onunla fəxr edəcəyik.

Cəsur əsgər Etibar İsmayılov 1993-cü ilin əvvəllərində Kərkicahandan Ağcabədiyə qayıtdı. Həmin günlərdə rayonda könüllülərdən ibarət tabor yaradılırdı. Çox keçmədi ki, Etibargil döyüşlərə atıldılar. Erməni işğalçıları addım-addım Nərgiztəpə istiqamətindən Ağcabədiyə yaxınlaşırdı. Cəsarətlə vuruşan igid döyüşçülərimiz qəsbkarların həmlələrini dəf edib geri qovurdular. Etibar İsmayılov özü kimi cəsur əsgərlərlə bir yerdə düşmən arxasına keçər, verilən tapşırıqları yerinə yetirərək geri qayıdardı. Əməliyyatların birində onlar Xocalı sakinlərindən bir qrupunu əsirlikdən qurtarmağa cəhd göstərsələr də, düşmənin böyük qüvvəsi ilə qarşılaşdıqlarına görə planlarını həyata keçirə bilməmişdilər.

Etibarın son döyüşü soyuq bir qış günündə, böyük strateji əhəmiyyəti olan Nərgiztəpə yüksəkliyində oldu. Həmin gün komandanlıq onlara Xocavənd rayonunun Nərgiztəpə və Ceil yüksəkliklərini erməni işğalçılarından geri almağı əmr etmişdi. Əlli nəfərdən ibarət qrup bu mühüm tapşırığı yerinə yetirmək üçün gecə yarıdan keçmiş yüksəkliklərə doğru hərəkət etməyə başladı. Əməliyyata gedən əsgərlər Nərgiztəpə yüksəkliyinin zirvəsinə yaxınlaşanda işğalçılarla üz-üzə gəldilər. Bir göz qırpımında silahlar dilə gəldi. Qüvvələr qeyri-bərabər olsa da, əsgərlər geri çəkilmədən vuruşurdular. Etibar cəld hərəkətlə təkbaşına düşmən səngərinə girərək on nəfərə qədər erməni qəsbkarını məhv edib döyüşçü yoldaşlarının bu istiqamətdən irəliləməsinə şərait yaratdı. İşğalçılar hücum qarşısında dayana bilməyib geri çəkilməyə məcbur oldular. Bayaqdan bəri od püskürən silahlar susdu. Amma sakitlik uzun çəkmədi. Qəsbkarlar döyüşə əlavə qüvvələr cəlb edərək hücuma keçdilər. Belə olanda əsgərlərimiz düşmən mühasirəsinə düşmək təhlükəsi ilə üzləşdilər. Bir neçə döyüşçü şəhid oldu, dörd nəfər ağır yaralandı. Vəziyyətin gərgin olduğunu görən əsgərlər komandanlığın verdiyi əmrə uyğun olaraq vuruşa-vuruşa geri çəkilməyə başladılar. Döyüş gücləndikcə qüvvələr azalırdı. Düşmənin zirehli texnikası ətrafa səs sala-sala onlara yaxınlaşırdı. Daha da əlverişli mövqe tutmaq istəyərkən Etibar İsmayılov yaralandı. Əsgər dostları onu geri çıxarmaq istəsələr də, razılaşmayaraq taqım komandiri kimi əsgərlərinə əmr etdi: “Siz arxaya çəkilin, mən ermənilərin tankını partladacağam!” Hamı geri şəkiləndən sonra Etibar yaralı vəziyyətdə yüksəklikdə ermənilərin zirehli texnikası ilə üz-üzə qaldı. Tank dayanmadan nərilti-gurultu qopararaq ona tərəf irəliləyirdi. Bu gərgin anlarda Etibar öz yarasını unudaraq soyuq torpağı cırmaqlıya-cırmaqlıya üstünə gələn zirehli texnikanı partladaraq, Vətənin ağrısına məlhəm qoymaq istəyirdi. Cəsur əsgər əlində möhkəm tutduğu tank əleyhinə qumbaranı döyüş vəziyyətinə gətirərək hücuma hazır dayanmışdı. Bu dəqiqələrdə nə düşünürdü, nə fikiləşirdi, ağlından nələri keçirdi. Yaşanmış qısa, lakin mənalı həyatı film kimi gözləri önündən sıralanıb keçirdi. Bircə onu bilirdi ki, çoxdan bəri gözlədiyi gün – son döyüşü, qəhrəmanlıq anı yaxınlaşır. Həlak olsa da, yüksəklikdə təkbətək qaldığı zirehli texnika ilə döyüşdən qalib ayrılmalıydı, məğlubiyyət onun əsgər adına yaraşmazdı. Düşmən tankı ona yaxınlaşan kimi qumbarını yuxarı qaldıraraq özünü zirehli texnikanın tırtılları altına atdı. Həmin an güclü partlayış səsi ildırım sürəti ilə ətrafa yayıldı. Partlayışın zərbindən dağ-daş yerindən oynadı, yer-göy silkələndi, Nərgiztəpə yüksəkliyi titrəyib haray qopardı. Bayaqdan bəri dayanmadan döyüşçülərimizə tərəf irəliləyən düşmən tankı bir göz qırpımında alova büründü. Erməni qəsbkarları gördükləri bu dəhşətli mənzrədən qorxub hücumlarını dayandırdılar. Bax beləcə, ömrünün ən gözəl, şirin çağlarını yaşayan Etibar İsmayılov son anda, axır nəfəsdə əsrlərə sığmayan qəhrəmanlıq göstərərək əbədiyyətə qovuşdu. Bu cəsur qəhrəman şərəfli ölümü ilə həm hücumun qarşısını aldı, həm də əsgərlərinin həyatını xilas etdi. Ogünkü savaşın ən böyük itkisi cəsur döyüşçü, taqım komandiri Etibar İsmayılov oldu.

Atası ilə söhbət edərkən onu da öyrəndim ki, Etibar ölümündən bir gün əvvəl evlərinə gəlib, doğmalarına baş şəkib. Bu, onun yaxınları ilə son görüşü olub. Bəylər kişi həmin gündən kövrələ-kövrələ danışdı:

– Ölümündən bir gün əvvəl necə olmuşdusa vaxt tapıb evə gəlmişdi. Oturub ata-bala oradan-buradan söhbət etdik. Etibar iştirakçısı olduğu döyüşlərdən xeyli danışdı. Bir azdan arxasınca maşın gəldi. Mənimlə, yaxın qohumlarla sağollaşıb yola çıxdı. Ertəsi gün isə eşitdiyim xəbərdən sarsıldım. Vətəninə keşik çəkən əsgər balam şəhid olmuşdu. Məni sarsıdan dəhşətli xəbərdən dünya başıma fırlandı, gözlərim qaranlıqladı, ürəyimə ağır kədər çökdü. Bu ağır dəqiqələrdə nə edəcəyimi, hara gedəcəyimi, hansı addım atacağımı bilmirdim. Sonra vaxt itirmədən maşın tapıb hərbi hissəyə yollandım ki, uşağın meyitini gətirib dəfn edək. Amma yüksəklik ermənilərin əlində olduğundan hadisə yerinə heç cürə yaxınlaşmaq mümkün deyildi. Komandanlıq dəfələrlə ermənilərlə danışığa girməyə cəhd etsə də, bir şey alınmadı. Düşmən meyiti vermək istəmirdi. Axşam qaranlıq düşənə qədər gözlədikdən sonra kor-peşiman geri qayıtdıq. Ertəsi gün axşam ev telefonumuza zəng gəldi. Tələsik dəstəyi qaldırdım. Zəng vuran yaxınım, doğmam Rövşən idi. O, həm həyəcan, həm də sevinc dolu səslə bildirdi ki, ölkə başçısının fərmanı ilə Etibara “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib. Sözün düzü, bu xəbər məni yaman sevindirdi. Övlad itirmiş ata kimi ağır günlərimdə bu mənə böyük təsəlli oldu.

Bəylər kişi evinin ikinci mərtəbəsindəki otaqlardan birini övladı üçün ayırıb. Bir növ qəhrəman oğluna muzey düzəldib. Otağa baxmaq üçün onunla birlikdə yuxarı qalxdıq. İçəri ayaq basan kimi Etibarın divardan asılmış böyüdülmüş şəkli ilə qarşılaşdıq. Qəhrəman sanki baxışları ilə bizə “xoş gəldin” dedi. Otaq çox geniş və səliqəli idi. Sol tərəfdə qəhrəmanın bir vaxtlar əyninə geyindiyi səhra geyimi asılmışdı. Elə bil bu forma ayıq-sayıq əsgər kimi gecəli-gündüzlü otağa keşik çəkirdi. Yataq yeri səliqə ilə yığışdırılmışdı. Son dəfə Etibarın burada nə vaxt gecələdiyini kimsə xatırlamırdı. Otağın qapısı heç vaxt bağlanmır. Çünki qəhrəmanın ruhu hər gecə bura “qonaq” gəlir.

“Aran” səhmdar cəmiyyətinin sədri İsa Abbasovun təşəbbüsü ilə bir vaxtlar Etibar İsmayılovun təhsil aldığı məktəbin həyətində qəhrəmanın büstü qoyulub. İndən sonra bugünkü məkəblilər – sabahımızın əsgərləri olacaq şagirdlər Etibarın büstü önünə tər çiçəklər qoyaraq xatirəsini həmişə hörmələ yad edəcəklər. İgidlikdə, cəsarətdə ona oxşayacaqlar. Onun yarımçıq qalmış döyüş yollarını şərəflə davam etdirəcəklər.

Etibar İsmayılovun qəhrəmancasına şəhid olduğu ərəfədə Füzuli rayonuna ezamiyyətə getmişdim. Həmin günlərdə bu istiqamətdə gərgin döyüşlər gedirdi. Ermənilər addım-addım işğal etdikləri ərazilərimizdən geri oturdulurdu. Həm iş, həm də yol yoldaşım Nemət Veysəlli ilə Horadiz ətrafındakı səngərlərdən geri qayıdırdıq. Bir qrup əsgər isə təpədən-dırnağadək silahlanaraq döyüşə yollanırdı. Yanımıza çatanda Nemət Veysəlli onlardan dayanmalarını xahiş etdi. Savaşa girməzdən qabaq döyüşçülərlə bir az söhbət etdik. Məlum oldu ki, bunlar cəbhəyə Ağcabədi rayonundan gəliblər. Nemət müəllim də, mən də düşmənlə döyüşə yollanan əsgərlər qarşısında çıxış edik, xoş sözlər söylədik. Məqamında dediyimiz sözlər döyüşçülərə böyük ruh verdi. Biz danışığımızı bitirəndən sonra əsgərlərdən biri sıradan irəli şıxıb ürək sözlərini söylədi. Təəssüflənirəm ki, onun danışdıqlarının hamısını yadda saxlaya bilməmişəm. Amma onun bu sözlərini indiki kimi xatırlayıram: “Hamımızın fəxri olan Etibar İsmayılov kimi qəhrəman oğulların yarımçıq qalmış döyüş yollarını şərəflə davam etdirəcəyik! Nəyin bahasına olursa olsun erməni işğalçılarından şəhidlərin intiqamını alacağıq.”

Etibar İsmayılovun meyiti döyüş meydanında – erməni işğalşılarının nəzarət etdiyi ərazidə qaldığından məzarı yoxdur. Məncə bunun üçün çox fikir edib kədərlənməyə dəyməz. Çünki uğrunda şəhid olduğu Nərgiztəpə yüksəkliyi əbədi olaraq onu isti qoynuna alıb əzizləyir. Həm də Etibar kimi cəsur oğulların yeri, məzarı ürəklərimizdədir. Ürəyimizin, qəlbimizin qapıları belə igidlərin üzünə həmişə açıqdır. Vətən uğrunda vuruşaraq qəhrəmanlıq bulağından su içənlər hər cür ehtirama və hörmətə layiqdirlər. Belə qəhrəmanların qarşısında daim ehtiramla baş əyməliyik.

Vahid MƏHƏRRƏMOV

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO