“Əliyev və Paşinyanla gündə bir neçə dəfə telefonla danışırıq” – Putin
“Moskva Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin Vaşinqton görüşünün uğurlu olacağına ümid edir, ABŞ-ın Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Rusiya ilə həmrəy şəkildə çalışacağına ümid edir”.
“İnterfaks”ın məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin “Valday” klubunun iclasında çıxışı zamanı deyib.
“Bilirsiniz ki, növbəti dəfə hər iki ölkənin Xarici İşlər nazirləri Rusiyaya səfər etdilər. 23 oktyabrda onlar Vaşinqtonda görüşürlər. Çox ümid edirəm ki, bizim amerikalı partnyorlarımız bizimlə həmrəy şəkildə çalışacaq, münaqişənin tənzimlənməsinə kömək edəcək. Ən yaxşısına ümid edəcəyik”, – deyə Rusiya lideri bildirib.
V.Putin bildirib ki, Azərbaycan və Ermənistan rəhbərləri ilə sıx təmasdadır və gün ərzində bir neçə dəfə onlarla telefonda danışır.
“Bizim Xarici İşlər, Müdafiə nazirlərimiz, xüsusi xidmət orqanları rəhbərlərimiz daimi əlaqədədir”, – Vladimir Putin bildirib.
O qeyd edib ki, Rusiya hər iki tərəfin etimadından istifadə etməklə bu münaqişənin həllində, mövqelərin yaxınlaşdırılmasında vasitəçi kimi əhəmiyyətli rol oynaya biləcək bir mövqe tutur.
“Bu kompromisin tapılmasını çox istərdim”, – V.Putin söyləyib.