Emin Ağalarov: “Narkotikə toxunmamışam” - FOTO
Rusiyada fəaliyyət göstərən Milli Anti-narkotik Birliyinin (MAB) Azərbaycanda filialının açılması gözlənilir.
Rakus.az xəbər verir ki, bu barədə Xalq artisti Emin Ağalarov “Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, filialın Rusiya Federasiyasının Narkotiklərə Qarşı Mübarizə Birliyinin rəhbəri Nikita Luşnikov ilə birgə ölkəmizdə açılması planlaşdırılır.
Tədbirdə Luşnikovla yanaşı, qarışıq döyüş növləri üzrə çempion Fedor Emelyanenko və teatr, kino aktyoru Pavel Derevyanko iştirak edib.
“Mən Azərbaycanı çox sevirəm. Ona görə rusiyalı dostlarımı vətənimə dəvət etdim ki, bu problemi birlikdə həll edək. Şəxsən həyatda bəxtim gətirib ki, narkotikə toxunmamışam. Düşünürəm ki, bu, həqiqətən də, uğurdur. Çünki çalışdığım sahədə bu, nadir hallarda baş verir. Mənim dörd övladım var və istərdim ki, bu bəladan onları mümkün qədər qoruyum”, – deyə Ağalarov bildirib.
Emin əmindir ki, Azərbaycan dövləti onun bu layihəsini dəstəkləyəcək.
Narkotik MAB-ın rəhbəri Nikita Luşnikovun ömründən 10 ilini qoparıb.
Bu barədə Luşkinov özü etiraf edib. Onun sözlərinə görə, Rusiyada elə bir narkotik yoxdur ki, ondan istifadə etməmiş olsun. Luşnikov möcüzəvi şəkildə bu bəladan xilas olduğunu deyib. Bundan sonra – düz 15 il öncə MAB-ı yaratmaq qərara gəlib. Məqsədi isə narkotik aludəçilərini bu bəladan xilas edərək, sağlam həyata qovuşdurmaqdır.
“Rusiyada narkomaniya çox inkişaf edib. Narkomanlar arasına məşhur simalar da var. Onlar yardım üçün tez-tez bizə müraciət edirlər. Amma təəssüflər olsun ki, onların adlarını açıqlaya bilmirik, çünki müalicə anonim şəkildə aparılır. Elə məşhurlar da var ki, onlar bizə müraciət etməkdənsə, tanınmış şou verilişlərə üz tuturlar. Halbuki həmin verilişlər onların bu kədərli həyat hekayələri üzərində reytinq qururlar”, – deyə Luşkinov qeyd edib.
Nikita Luşnikov MAB-a müraciət edənlər arasında azərbaycanlıların da olduğunu söyləyib:
“Emin ilə ilk dəfə görüşəndə mütləq şəkildə Bakıda da nə isə bir iş görməyin lazım olduğunu düşündük. Hazırda bizi həm Rusiyada, həm də Azərbaycanda dəstəkləyənlər var. Bizə Azərbaycandan müraciət edənlər olub və onlar müalicə dövrünü uğurla başa vurublar”. (Oxu.az)