Entoni Blinken ABŞ-ın yeni dövlət katibidir
ABŞ Senatı Entoni Blinkeni ölkənin dövlət katibi vəzifəsinə təsdiq edib.
Rakus.az xəbər verir ki, Blinkenin namizədliyinin lehinə 78, əleyhinə 22 senator səs verib.
Entoni Blinken siyasətdə öz karyerasına ABŞ Prezidenti Bill Klintonun spiçrayteri (çıxışların mətnini hazırlayan şəxs) kimi başlayıb, ABŞ Senatının beynəlxalq münasibətlər üzrə komitəsinin demokratik fraksiyası aparatına rəhbərlik edib, 2013-2015-ci illərdə Prezident Barak Obamanın milli təhlükəsizlik üzrə müşavirinin müavini olub.
Blinken dövlət departamentinin rəhbəri vəzifəsinə aparıcı namizədlərdən biri hesab edilirdi və Prezident Obama administrasiyasında milli təhlükəsizlik üzrə müşavirin müavini kimi işlədikdən sonra dövlət katibinin müavini vəzifəsinədək yüksəldilib: 2015-2017-ci illərdə bu vəzifəni icra edib.
Blinken çoxtərəfli əməkdaşlığın tərəfdarıdır və ABŞ-ın müttəfiqlərlə münasibətlərini möhkəmlətmək məqsədilə beynəlxalq danışıqlar masasına qayıtmaq niyyətində olan Baydeni dəstəkləyir.