Ərəb Parlamenti BMT və dünya parlamentlərinə müraciət ünvanladı
Ərəb Parlamentinin Qahirədə keçirilən iclasında son günlər İslam Peyğəmbərinin karikaturaları və Qərb ölkələrində islamofobiya meyillərinin güclənməsi ilə əlaqədar yaranmış gərginliklə bağlı BMT-yə və dünya parlamentlərinə müraciət qəbul edilib.
Rakus.az xəbər verir ki, müraciətdə planetimizdə sülhün və təhlükəsizliyin təmin edilməsi məqsədilə islamofobiya, habelə İslamın terrorizmlə eyniləşdirilməsinə son qoyulması, müsəlmanların etiqad və hüquqlarına hörmətlə yanaşılması tələb edilir. Eyni zamanda, Fransada kilsədə törədilən vəhşi qətliam da pislənilir, terrorizmə qarşı mübarizənin qlobal səviyyədə gücləndirilməsinin zəruriliyi vurğulanır. Qeyd olunur ki, İslam sülh və tolerantlıq dinidir, müsəlmanlar isə digər dinlərə etiqad edənlərlə birlikdə sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyirlər.
Ərəb ölkələrinin parlamentariləri söz azadlığı adı altında İslam Peyğəmbərinin təhqir edilməsinin yolverilməz olduğunu bir daha vurğulayıblar.