Ərinin qətlə yetirdiyi Fatimə öncə məktəbdən çıxarıldı - FOTO - VİDEO
Toyundan 20 gün sonra boğularaq öldürülən 16 yaşlı Fatimə Qəmbərova ilə bağlı xəbərlər ölkə gündəmini zəbt edib.
Rakus.az xəbər verir ki, cenubxeberleri.com mövzu ilə əlaqədar məlumatlar əldə edib.
Belə ki, qızın atası Qəmbərov İbrət Ərkivan qəsəbəsindəndir. O, başqa biri ilə rəsmi nikahda olsa da, Fatimənin anası ilə qeyri-rəsmi münasibətdə yaşayıb. Onlar bir ildən sonra ayrılıblar.
Fatimənin anası İbrətdən ayrıldıqdan sonra Bakıda yaşayan birinə ərə gedib və qızını nənəsinin himayəsinə verib.
Fatimə Qəmbərova Həsənli kənd tam orta məktəbində təhsil alıb. Müəllimlərinin bildirdiyinə görə, o, dərslərini yaxşı oxumasa da, çox sakit, tərbiyəli şagird olub.
Ötən ilin oktyabrında isə anasının təkidi ilə məktəbdən azad edilib. Və səbəb olaraq bildirib ki, Fatimənin ana babası Rusiyada yaşayır və onun yanına köçürlər.
Məsələ 2019-cu il noyabrın 1-də məktəbin pedaqoji şurasında müzakirə edilib və ailə vəziyyəti nəzərə alınaraq o, məktəbdən azad edilib.
16 yaşlı qız məktəbdən azad edildikdən iki ay sonra, yanvarın 5-də ona Masallıda şadlıq saraylarının birində qız toyu edilib, yanvarın 10-da isə Çaxırlı kəndindəki “Möcüzə” Şadlıq Sarayında oğlan toyu olub.
Daha bir məlumata görə, 19 yaşlı bəyin boyu balaca olduğu üçün o, hərbi xidmətdə olmayıb.
Kənd sakinlərinin bildirdiyinə görə, 19 yaşlı oğlan kənddə sakit gənclərdən biri sayılıb. Onun əmisi kənddə dinin icmanın rəhbəridir.
Xoşçobanlı kənd sakinlərinin sözlərinə görə, Fatimənin öldürüldüyü gün, səhər tezdən kəndə xəbər yayılıb ki, onun qızdırması var, komaya düşüb. 16 yaşlı gəlini ərinin dayısının maşınında Masallı Mərkəzi Xəstəxanasına aparıblar. Yolda onun vəziyyəti daha da ağırlaşıb.
Qətlə yetirilən Fatimənin əri İman Məmmədov isə iki bacının tək qardaşıdır.
Onun özündən kiçik iki bacısı var. Atası Təklə stansiyasında maşın ehtiyat hissələri satır. Anası isə tibb işçisidir.
Qeyd edək ki, İman Məmmədov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub, müdafiəçinin iştirakı ilə dindirilən zaman törətdiyi cinayət əməlini etiraf edib.