Ermənilərin bütün hüquqlarının təmini Azərbaycandan keçir – TƏHLİL
Dünya erməniləri türk düşmənliyi ideyası ilə zəhərlənib. Bu hal nəsildən-nəsilə ötürülməklə onlarda patologiyaya çevrilərək torpaqlarında yaşadıqları dövlətə qarşı çıxmaq xəstəliyi yaradıb. Bu, həm də Ermənistanın hakim siyasi-ideologiyasıdır. Hətta havadarları onlara dövlət belə təsis ediblər.
Ermənilər 200 ilə yaxındır Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edirlər.
30 ildir Ermənistan və Azərbaycan ərazisində yaşayan ermənilər yeni “dövlət qurmaq” xülyası ilə yaşayırlar. Heç şübhəsiz, onları buna şirnikləndirən də iki əsrlik sponsorlarıdır.
Azərbaycan Respublikasına qarşı torpaq iddiasını reallaşdırmaq cəhdinin 35 illik tarixi var. Bu müddət ərzində Azərbaycana qarşı çıxmaq, onun ərazi bütövlüyü və suverenliyini pozmaq cəhdləri ermənilərə nəyə başa gəlib?
İlk növbədə, ermənilər bununla vətəndaşı olduqları dövlətə qarşı çıxmaq ənənəsini davam etdiriblər. Onlar əvvəllər Osmanlı, Qacar, Rusiya, SSRİ və başqa dövlətlərin ərazisində xarici qüvvələrə yarınmaq rolunu oynayıblar. Oxşar hadisə 35 il əvvəl Azərbaycana qarşı da başlayıb. Bu, onlar barədə etibarsız vətəndaş imici yaradıb.
Ötən illər ərzində onlar vətəndaşlığı olmayan şəxslər kimi ortalıqda qalıblar. Azərbaycanın Qarabağ iqtisadi rayonundakı ermənilər havadarlarının və rəsmi İrəvanda bir-birini əvəzləyən hakimiyyətlərin ucbatından başıpozuq kütləyə çevrilirlər. Onların belə vəziyyətindən isə regionda maraqlarını təmin etmək istəyənlər yararlanmağa çalışırlar. Bu da etnik qrup kimi onların ələbaxanlığını, asılılığını artırır.
35 ildir ermənilər özlərini beynəlxalq ictimaiyyətə məzlum sifətində sırımağa çalışırlar. Bu isə onlarda ləyaqət hissini azaldıb, yalan danışmaq, saxtakarlıq və oğurluq etmək kimi keyfiyyətləri gücləndirib. Azərbaycan türklərinə qarşı Xocalı, Ağdaban kimi soyqırımıları törətməklə bu etnik qrupun tarixinə çoxsaylı qanlı cinayətlər yazılıb.
Ermənilər işğal altında saxladıqları Azərbaycan torpaqlarında 30 il mülki, sosial, inzibati, mədəni, tarixi dini abidələri dağıtmaqla barbar, vəhşi toplum kimi də ad çıxarıblar.
44 günlük müharibə ermənilərin, onların siyasi, hərbi liderlərinin, din xadimlərinin, ordusunun gücünü də ifşa edib. Onların işğalçı və faşist mahiyyəti bir daha üzə çıxıb.
Rəsmi Bakı müharibədən əvvəl də, sonra da öz vətəndaşlarından imtina etmədiyini dəfələrlə bəyan edib. Onların hüquqlarını Azərbaycan Respublikasının Konstitusiyası qoruyur. Qarabağ iqtisadi rayonundakı ermənilər də Azərbaycan xalqının tərkib hissəsi ola bilər. Konstitusiyada bu barədə deyilir: “Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir; bu isə beynəlxalq hüquqla müəyyənləşdirilmiş normaları istisna etmir”.
Yaxud, Əsas Qanunun 24-cü – “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi” maddəsində isə bunlar vurğulanıb: “Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır.
Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir”.
Bu kimi müddəalar Azərbaycanın başqa vətəndaşları kimi Qarabağda yaşayan ermənilərə də şamil edilə bilər. Onların bu kimi hüquqlardan istifadə etməsinə, vətəndaşı olduqları dövlətə inteqrasiyasına isə yenə həmin qüvvələr mane olurlar. Separatçıların tör-töküntüləri erməni icmasının reallığı qəbul etməsinə problem yaradır. Onların başçısı Araik Arutyunyanın regionda marağı olan ölkələrin başçılarına müraciəti isə məntiqsiz və gülünc görünür. Əslində, o, bununla erməniləri yenidən tələyə, tora salır. Onlar bu yolla ermənilərə və azərbaycanlılara qarşı törətdikləri cinayətlərdən yayınmaq istəyirlər. Ermənistan parlamentindəki “44 günlük müharibəni araşdıran komissiya”ya bu tör-töküntülərin “lideri” Araik Arutyunyanın da dəvət olunacağı gözlənilir. Deməli, Ermənistan dövləti onu az-çox məsuliyyətə cəlb etmək fikrindədir. Bu kimi ünsürlər Azərbaycanın Cinayət Məcəlləsinin uyğun maddələri ilə də mühakimə olunacaq. Onunla eyni cərgədə Robert Koçaryan, Serj Sarqsyan, Arkadi Qukasyan, Bako Saakyan, Seyran Ohanyan və başqaları da durur. Bunlar həm vətəndaşı olduqları dövlətə xəyanət, həm də erməniləri cinayətə sövq ediblər. Belələrinə Ermənistan da vətəndaşlıq verməkdən imtina edə bilər.
A.Arutyunyan və onunla eyni sırada duranlar bir qədər məntiqli olsaydılar, Azərbaycan cəmiyyətindən üzr istəyib, dövlət başçısından əfv diləyərdilər.
35 ildir başsız qalan Qarabağdakı ermənilərə sahib dura biləcək yeganə qüvvə və dövlət Azərbaycan Respublikasıdır. Azərbaycan onların təhlükəsizliyini, gələcəyini, insan hüquqlarını, vətəndaşlığını təmin edəcək yeganə istinad nöqtəsidir. Başqa sözlə, vətəndaş sayılan ermənilərin bütün hüquqlarının təmini Azərbaycandan keçir.
Sədrəddin Soltan – “Report”