Ermənistanda siyasi partiya baş naziri ittiham etdi
Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) tribunasından son 10 ayda ölkədə 50 mindən çox yeni iş yerinin açıldığını bəyan edib.
Rakus.az xəbər verir ki, Ermənistanda fəaliyyət göstərən “İrs” siyasi partiyası hökumət başçısından bu iş yerlərinin harada açıldığına aydınlıq gətirməsini tələb edib. Partiyanın Paşinyana ünvanlandığı açıq məktubda deyilir ki, baş nazirin AŞPA-nın sessiyasında “məxməri inqilabdan” sonra ölkədə 50 mindən çox yeni iş yerlərinin yaradılması bəyanatı ağlabatan deyil. Qeyd olunub ki, cəmiyyət əmək bazarında işçi qüvvəsinin 10 faizini təşkil edən bu rəqəmin respublikada işsizliyin artması və dövlət idarələrində aparılan ixtisarlar fonunda əsaslandırılmasına ehtiyac duyur.
Məktubun müəllifləri rəsmi statistikaya müraciət edərək həqiqi rəqəmləri göstəriblər. Belə ki, 2019-cu ilin fevralında Ermənistanda işsizlərin sayı 228,8 min, yaxud əməkqabiliyyətli əhalinin 20,8 faizi qədər olub. Əlavə edilib ki, bu rəqəm əvvəlki ayın göstəricilərindən fərqlənmir. Məktubda yazılır: “Sənaye istehsalının vəziyyəti barədə analitik hesabatlarda bildirilir ki, bir çox sahələrdə, o cümlədən metallurgiya və dağ-mədən sənayelərində göstəricilərin açıq-aydın geriləməsi müşahidə olunub. Demək, həmin müəssisələrdə iş yerləri də azalıb”.
Siyasi partiya ümidvar olduğunu bildirib ki, baş nazir açılan iş yerləri barədə real statistikanı təqdim edəcək və bu inkişafın hansı sahələrdə getdiyini göstərəcək.