Ermənistandakı Azərbaycan qəbiristanlıqlarının taleyi - VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Ermənilərin ölülərə qarşı qisas cinayəti” adlı veriliş efirə gedib.
Rakus.az xəbər verir ki, verilişdə bir neçə beynəlxalq mükafata layiq görülən Pəmbək mahalının Qarakilsə şəhərində çalışan jurnalist Naira Bulqadaryanın a1plus saytında Qərbi Azərbaycanda olan qəbirlərlə bağlı məqaləsinə yer verilir.
O yazır ki, 104 yaşında dünyasını dəyişən Anagiz Əliyevanın məzarı Ermənistanın Lori rayonunun Saral kəndinin unudulmuş qəbiristanlığındadır: “Qəbir daşında belə yazılmışdır: Əliyeva Anagiz Məmməd Qızı 1880-1984”. Ermənistan hökumətinin Azərbaycan qəbiristanlıqlarının bərpası üçün heç bir vəsait ayırması yoxdur, çünki hökumətin fikrincə, onlar tarixi və mədəni dəyəri təmsil etmir. Münaqişənin inkişafı ilə yanaşı, hər iki ölkədə abidələr, daha çox qəbiristanlıqlar zədələnib. Lori rayonunun 20 azərbaycanlı kəndindən biri olan Saralın iki azərbaycanlı qəbiristanlığı hazırda tərk edilmiş və məzar daşlarının çoxu sındırılıb. Nor Xaçakap (Saral) kəndinin başçısı Surik Truzyan xatırlayır ki, Ermənistanın başqa rayonlarından da buraya gəlib, azərbaycanlı məzar daşlarını maşınlara yükləyib emal etmək və ya satmaq üçün aparıblar”.
Verilişdə qəbir və qəbiristanlığın bütöv bir millətin tarixini, adəti göstərən memarlıq nümunəsi, sivil xalqların ehtiramla yad etdikləri, qoruduqları yerlər kimi təqdim olunur, Azərbaycanda müxtəlif dövrlərə və müxtəlif xalqlara məxsus qəbir yerlərinin ehtiramla qorunduğu qeyd edilir.
Bildirilir ki, XX əsr ərzində Qərbi Azərbaycanda qətliamlar törədən ermənilər, bir neçə dəfə Azərbaycan türklərinə məxsus məscid, türbələri yandırıb, qəbiristanlıqları yerlə bir ediblər. İrəvan şəhərindəki Təpəbaşı məhəlləsində və ya Dəmirbulaqda olan qəbirlər yerlə-yeksan olunmuş izi-tozu qalmayıb. Toxmaqgöl qəbiristanlığı da 1988-ci ildə buldozerlərlə məhv edilib. Dəmirbulaqda olan qəbiristanlığn yerində Türkiyədən köçürülən ermənilər üçün evlər tikilib. Neçə-neçə kənd, şəhər və mahallar boyunca səpələnmiş Azərbaycan türklərinin qəbir yerləri yerlə-yeksan edilib. Bu, Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi vandalizm siyasətidir”.
Süjetdə Ermənistan Mədəniyyət Nazirliyinin azərbaycanlı qəbiristanlıqları ilə bağlı məlumatları saxtalaşdırdığı, son yüz il ərzində erməni vandalizmi nəticəsində ən azı 500-dən çox qəbiristanlığın yer üzündən silindiyi diqqətə çatdırılır.
Sonda vurğulanır ki, Qərbi Azərbaycanda min illər boyu yaşayan Azərbaycan türklərinin tarixi-mədəni izləri, abidələri məzarlıqları kütləvi şəkildə dağıdılıb, silinib və ya saxtalaşdırılıb: “Bu, bir millətə qarşı yönəlmiş məqsədli vandalizm əməlindən başqa bir şey deyil”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş oktyabrın 10-da saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.