“Etdiklərimə görə oğlumdan üzr istədim” – Fədayə Laçın
“Oğlum mənimlə hələ danışmamışıq. Aramızdan pərdə götürülmədən, ana-bala kimi dərtləşəcəyik. Oğlumla birlikdə rayonlardan birinə gedib, dərtləşəcəyik. Əlhəm şairdir, hər şeyi anlayandır. Bilir ki, anası əxlaqsız qadın olmayıb. Gərək olmazdı, amma oldu. Əvvəl gündən oğlumdan üzr istədim. İlk telefon zəngində anamdan, sonra Əlhəmdən üzr istədim. Ağladım, amma Əlhəm dedi ki, ağlama. Onda ürəkləndim, söz verdim ki, ağlamayacam. Amma gecələr ağlayırdım. Həbs olunmazdan əvvəl də yastığım bilir mənim gözyaşlarımı. Mən üzdə ağlayan deyiləm”.
Rakus.az xəbər verir ki, bu sözləri müğənni Fədayə Laçın Tarix Əliyevin (Tolik) “Youtube” layihəsi olan “Tolik ilə səmimi” layihəsində deyib. İfaçı oğlu Əlhəmdən bəhs edib.
Sənətçi həbsxanadakı həyatından, azadlığa çıxmağından danışıb:
“Azadlığa çıxacağımı gözləmirdim. Amma beş il cəza alacağımı da fikirləşmirdim. Çünki mənim cəzam 2 il olmalıydı. Məhkəmədə olanda küçədən azan səsi gəldi. Hakim 5 il cəza kəsdi. Heç ağlamadım, yolboyu maşında ancaq mahnılar oxudum.
Amma əgər imkanım olsaydı həyatımdan 2017-ci il oktyabrın 28-ni – həbs olunduğum günü silərdim”.
F.Laçın sevgi ilə bağlı sualları cavablandırıb. O, “Bundan sonra sevməyəcəm. Bağladım ürəyimin qapısını, açarı da dəryalara atdım. Bir iş idi oldu, amma bitdi. Daha olmayacaq. Tək deyiləm, Əlhəm mənim hər şeyimdir” sözlərini əlavə edib.