Fransada gündəlik yoluxma sayı artır
Fransada koronavirusa yoluxanların sayı son günlər yenidən artmaqdadır. İyulun 29-da ölkədə koronavirusa 1392 yeni yoluxma qeydə alınıb. Bu son bir ay ərzində ən çox gündəlik yoluxma halıdır.
Rakus.az xəbər verir ki, bu barədə Fransa Səhiyyə üzrə Baş İdarəsi məlumat verib.
Bildirilib ki, son sutka ərzində koronavirusdan 15 ölüm faktı qeydə alınmaqla ölkədə COVID-19 epidemiyasının qurbanlarının ümumi sayı 30 238-ə çatıb. Epidemiya başlayandan xəstəxanalarda 19 min 723, qocalar evlərində 10 min 515 ölüm faktı qeydə alınıb. Xəstəxanalarda hələ də 5 min 450 xəstə var ki, onlardan 380-ni ağır vəziyyətdə reanimasiya şöbələrindədir.
Səhiyyə üzrə Baş İdarədən bildirilib ki, həftəlik yoluxma artmaqda davam edir. Reanimasiya şöbələrindəki xəstələrin 69 faizi İl-dö-Frans, Böyük Şərq, Yuxarı Fransa regionlarının və Fransa Qvineyasının payına düşür.
Epidemiya başlayandan ölkədə xəstəxanalara yerləşdirilən 107 min 110 koronavirus xəstəsindən 81 min 500-ü sağalıb. Son vaxtlar ölkədə 247 qrup yoluxmaları qeydə alınıb və virusun daha çox gənclər arasında yayılması diqqəti cəlb edib.
Əhaliyə küçələrdə də maska taxmaq tövsiyə edilib.