G7 sammitinin rəsmi açılışı oldu
Fransanın Biarritz şəhərində G7 sammitinin rəsmi açılışı olub.
Rakus.az BBC telekanalının saytına istinadla xəbər verir ki, Fransa, Almaniya, ABŞ, Yaponiya, İtaliya, Kanada və Böyük Britaniyanın liderləri işgüzar şam yeməyində iştirak ediblər. Sammitin ilk rəsmi tədbirində Avropa Şurasının rəhbəri Donald Tusk da iştirak edib.
İşgüzar şam yeməyindən əvvəl Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Tramp, Almaniyanın federal kansleri Angela Merkel və Yaponiyanın Baş Naziri Sindzo Abe ilə görüşlər keçirib. Bundan başqa, G7 qrupuna daxil olan Avropa ölkələrinin liderlərinin birgə görüşü də təşkil edilib.
Fransa Prezidenti Emmanuel Makron bildirib ki, sammitdə beynəlxalq böhranların nizama salınması, ticarət mübahisələri üzrə gərginliyin azaldılması və Amazon meşələrində yanğınla bağlı vəziyyət müzakirə olunacaq. Liderlərin zirvə görüşünün əsas mövzusu isə müxtəlif ayrı-seçkilik və qeyri-bərabərlik təzahürlərinə qarşı mübarizə tədbirləri olacaq.
Sammitin işi avqustun 26-da başa çatacaq.