“Göyçəni görmək, oradan reportaj hazırlamaq istəyirəm” - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi “Report” İnformasiya Agentliyinin əməkdaşı Gülçin Cəmil olub.
O, babalarının tarixi vətənindən – Qərbi Azərbaycanın Göyçə mahalından, Basarkeçər rayonunun Zərkənd kəndindən söhbət açıb. Bildirib ki, Məzrə çayının yaxınlığında yerləşən bu kənd tarixən Azərbaycan türklərinin yaşayış məskəni olub. Onun sözlərinə görə, hətta erməni yazıçı Sevan Nişanyanın yunanəsilli həyat yoldaşı Era Tzourou da öz məqalələrində azərbaycanlıların Göyçənin əsl sahibi olduqlarını, hayların bu əraziyə sonradan köçürüldüyünü qeyd edib. Bununla yanaşı, 1829-1832-ci illərdə Qafqazın, o cümlədən İrəvan və Naxçıvan xanlıqlarının tarixi, coğrafiyasının tədqiqi ilə məşğul olan məşhur fransız səyyahı və etnoqrafı İvan Şopen öz əsərlərində Qafqaz xalqlarının, həmçinin azərbaycanlıların tarixi, dili, etnik tərkibi, folkloru, ədəbiyyatı, incəsənəti, iqtisadiyyatı və s. barədə geniş məlumat toplayıb. Həmin məlumatları kitab halında nəşr etdirən İ.Şopen bu coğrafiyanın tarixi adlarını olduğu kimi geniş ictimaiyyətə çatdırıb. Bu yer adları Qərbi Azərbaycanın, o cümlədən Göyçənin tarixi oğuz-türk yurdu olduğunu bir daha nümayiş etdirib.
Müsahib Qərbi Azərbaycanın bərəkətli torpaqlarının olduğunu söyləyib. Göyçədə doğulmasa da, tarixi torpaqlarımızı görməsə də, o yerlərin hekayələri ilə böyüdüyünü dilə gətirib. Valideynlərindən Göyçənin təbiəti, gözəlliyi, Zərkəndin adət-ənənələri, sakinlərinin həyat tərzi barədə məlumatlar öyrəndiyini vurğulayıb. Deyib ki, Göyçə aşıq yaradıcılığının mərkəzi hesab olunub. Burada yaşayanlar saza, sözə böyük dəyər veriblər. El şənliklərində aşıqların iştirakı ənənə halını alıb.
Ermənilərin azərbaycanlılara qarşı ayrı-seçkiliyindən, deportasiya və soyqırımı siyasətindən danışan G.Cəmil Qərbi Azərbaycanda soydaşlarımızın daim hayların fiziki-mənəvi təzyiqlərinə məruz qaldıqlarını bildirib və qeyd edib ki, Aşıq Nəcəfin vəhşicəsinə öldürülməsi ermənilərin azərbaycanlılara münasibətinin açıq göstəricisidir.
G.Cəmil ata-baba yurdu Göyçəni görmək, oradan reportaj hazırlamaq istəyini də dilə gətirib: “Qarabağ Zəfərindən, keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıtmasından sonra soydaşlarımızda Qərbi Azərbaycana qayıdışa ümid artıb”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Müsahibə iyunun 9-da saat 20:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.